Çərşənbə, 2018-11-14, 04:15
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [21]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 247
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2009 » Dekabr » 13 » AZƏRBAYCAN ƏDƏBİ DİLİ TARİXİNDƏ FÜZULİ 2
Bookmark and Share
AZƏRBAYCAN ƏDƏBİ DİLİ TARİXİNDƏ FÜZULİ 2
15:03

 Başqa bir fakt. Üzeyir bəy Hacıbəyov "Leyli və Məcnun" operasını Füzulinin süjeti əsa­sında yazdı. Onun librettosunun mətni Füzulinin qəzəllərindən və "Leyli və Məcnun" məsnəvisindən qurulmuşdur. Opera xorun ifasında birbaşa "Şəbi-hicran yanar canım, tö­kər qan çeşmi-giryanım" misraları ilə məlum məşhur qəzəldən dörd beytin oxunması ilə başlayır və bir kəlmə anlaşılmaz söz yoxdur. Məcnun salondakı dinləyici-tamaşaçılara bir kəlməsini də dəyişmədən Füzulinin qəzəli ilə müraciət edir:


Yandı canum hicr ilə, vəsli-rüxi-yar istərəm,

Dərdməndi-firqətəm, dərmani-didar istərəm.

Bülbüli-zarəm, degil bihudə əfqan etdigim,

Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.


Qəzəlin sonrakı beytlərində belə sözlər, birləşmələr var: dəhr bazarı, kasid, mətai-him­mət, bəlayi-dəhr, rahəti-cismi-zəifü cani-əfkar, şəbi-hicran, təmənnayi-əcəl, bəzmi-vəsli-dildar və s. Leyli "Eşq daminə giriftar olalı zar olubam" misrası ilə Füzulinin dilini davam etdirir. Leyli və Məcnun bir yerdə dərdlərini bir-birinə çatdırırlar: "Ah eylədiyim sərvi-xuramanın üçündür..." Atası Məcnuna deyir: "Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır...", anası Leylini məzəmmət edir: "Oğlan, əcəb olmaz, olsa aşiq, Aşiqlik işi qıza nə layiq...". Məcnun öz psixoloji kamilliyini göstərərək eşqin məcnunluq fəlsəfəsini musi­qi dilinə çevirir: "Fəzayi-eşqi ta gördüm, səlahi-əqldən durəm, Məni rüsva görüb eyb et­mə, ey naseh ki, məzurəm" və "Eşq dərdi, ey müalic, qabili-dərman degil..." Bu Məc­nun sərkərdə Nofələ yüksək üslubda müraciət etməli ikən sözünü beləcə sadə, məişət dilində deyir: "Səndə, bilirəm ki, lütf çoxdur, Nə sud ki, məndə bəxt yoxdur". Füzulinin məşhur mürəbbesi İbn Səlamın Leyliyə müraciətində elə münasib görünür ki, elə bil şair bunu vaxtilə dram üçün yazıbmış: Pərişan halın oldum, sormadın hali-pərişanım, Qəmin­dən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım. Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl yarım (əslində: xanım. - T.H.), Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sulta­nım". Leylinin son sözü budur: "Xoşdur, nə qədər eyləsə yarım cəfa mənə...". Bu da Məcnunun son sözü: "Aşiq oldur kim, qılır canın fəda cananına..."1. Musiqili dramdakı bu dialoq və monoloqlar oxucu və tamaşaçı üçün XX əsrdə anlaşılmazlıq yaratmırsa, XVI əsrdə Füzulini əhatə edən mühitdə bu dil necə anlaşılmaz ola bilərdi. Yaxud bir az sonra Üzeyir bəy başqa musiqisi ilə yenə Füzuli şeirinə üz tutdu: "Arşın mal alan" musiqi­li komediyasında XX əsrin sevgililəri ürəklərini Leyli və Məcnun kimi Füzulinin qəzəlləri ilə açırdılar. Arşınmalçı Əsgər bəy bu beytləri dilinə gətirir:


Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,

Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd.


Hələ ifadəyə diqqət yetirək: nalə tərkin qılmazam. Bu gün deyərdik: nalə(ni) tərk etmə­rəm, yaxud: nalədən əl çəkmərəm. Ancaq ən sərrast qrammatik ifadə, əlbəttə, Füzulinin­kidir.


Gülçöhrə Füzulinin sözləri ilə zümzümə edir:

Pərişan xəlqi-aləm ahü əfğan etdigimdəndir,

Pərişan olduğum xəlgi pərişan etdigimdəndir.

Degil bihudə, gər yağsa fələkdən başıma daşlar2...


Psixoloji gərginlik anında Gülçöhrə yenə ürəyini Füzulinin beytləri ilə açır:


Aşıq oldum necə bir tazə güli-rənayə

Ki, salıbdır məni o, işvə ilə qovğayə...

Bu bir işdir ki, məni ignə kimi incəldib,

Salır iplik kimi hər dəm bir uzun sevdayə3.


"Leyli və Məcnun" operası da, "Arşın mal alan" musiqili komediyası da XX əsrin əvvəl­lərində, Sabirin, Hadinin, Əlibəyin yazdıqları zaman səhnə görmüşdür. Tarixi mənbələ­rin məlumatına görə, Üzeyir bəyin əsərləri, xüsusilə operası, necə deyərlər, həmişə anş­laqla dinlənilmişdir. Bu opera bu gün də salon dolusu insanlarla dinlənilir və hər kəs, de­yək ki, mənasını dürüst bilmədiyi üç-beş kəlmənin yox, bütöv qavradığı Füzuli şeirinin cazibəsində qalır. XX əsrin ikinci yarısında Bülbül "Leyli və Məcnun" poemasından bü­töv fəsli xalq musiqisinin üstündə oxuyurdu və hamı rahat-rahat dinləyirdi. Bu gün Alim Qasımov qızı ilə birlikdə Füzuli poeziyasını, klassik Füzuli şeirini muğam silsiləsi şəklin­də müasirlərinə təqdim edir və hərarətlə qarşılanır, yəni, Füzuli anlaşılır - öz dili ilə özün­dən dörd yüz il sonra Füzuli belə yaşayır. Çünki bu, XVI əsrdə yaranmış Azərbaycan milli ədəbi dilidir*.

Anlaşmada tarixiliyin, təhsil tipinin, insanların zövqünün rolunu bir daha təsəvvür etmək üçün H.Cavid dramlarının səhnə tarixi də bizə çox söz deyir. 1920-30-cu illərdə teatrı­mızda müntəzəm tamaşaya qoyulmuş Cavid dramlarının həmişə salon dolusu tamaşaçıla­rı olmuşdur. Ancaq 30 illik fasilədən sonra 1960-cı illərdə böyük dramaturqun ən gözəl əsərlərindən "Şeyx Sənan" dramının çox qısa səhnə həyatı oldu və bütün tamaşalarda eyni tamaşaçı bolluğu görünmədi. Bu, ya sovet ideologiyasının kütləşdirdiyi zövqün, ya da dilin anlaşma dərəcəsinin zəifliyinin nəticəsi idi - 1920-ci illərdə orta və ali məktəblər­də tədris H.Cavidin yazdığı dillə (Türkiyə türkcəsinin norması ilə) gedirdi, mətbuatın dili də həmin idi. Hadinin, Sabirin, Əli bəyin XX əsrin əvvəllərində oxunması, başa düşülmə­si də belə olmuşdur - dövrün savadlıları ən azı mədrəsə təhsili görmüşdülər, yaxud S.Ə­zimin üsuli-cədidi tipli məktəblərdə, Qori seminariyasında və ölkənin müxtəlif şəhərlərin­dəki gimnaziya və seminariyalarda oxumuş insanlar idilər ki, bu tədris ocaqlarında mü­davimlərə ərəb, fars dilləri öyrədilirdi. Həmin dövrdə "Gəl, gəl, a yaz günləri", "Dovşan, dovşan, a dovşan" kimi təmiz türkcə dərslik şeirləri də, A.Səhhətin "Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən" tərcümələri də vardı. Füzulinin zamanında da Qurbaninin "Qurbani der, könlüm səndən sayrudur, Neyləmişəm, yarım məndən ayrudur, Ayrıluq­mı çəkmüş, boynu əyridür, Heç yerdə görmədim düz bənəvşəni" deyən dili də mövcud idi (diqqət edin: Füzuli ədəbi forma kimi "əgri", Qurbani isə xalq danışıq dilindəki kimi "əyri" işlədir).

Bu gün Füzuli qəzəlləri Bakı camaatı, Abşeron əhalisi tərəfindən Azərbaycanın bütün bölgələrindəkindən daha yaxşı başa düşülür. Çünki Bakı kəndlərində həmişə, müntə­zəm qəzəl məclisləri keçirilir, müxtəlif yaşlı, müxtəlif səviyyəli insanlar dinləyir və qavra­ma vərdişi qazanırlar. Bu şeir mühitində Ə.Vahid kimi müasir qəzəl dahisi yetişib, onun yolunu davam etdirən Hacı Mayıl kimi sənətkarlar yazıb-yaradıblar. Bədii dilin qavran­masında nitq mühiti və poetik zövq vacib şərtdir. Füzuli özü deyirdi ki:


Şeir zövqündən olmayan agah

Əhli-nəzmi məzəmmət eyləməsün.

Kəndi cəhlinə etiraf etsün,

Hər kəramətə sehr söyləməsün.


Başqa bir müqayisə. Tarixən Azərbaycan türkcəsində işlənmiş elə ərəb sözləri var ki, bu gün bizim dilimizdə işlənmir, azərbaycanlı oxucu, hətta filoloq onları anlamır, ancaq Türkiyə türkcəsində insanlar gündəlik ünsiyyətdə onları işlədirlər - beləsinə bir neçə nü­munə: meşreb (xasiyyət, davranış - Füzulidə: Nə gördi badədə, bilmən ki, oldu badəpə­rəst, Mürid məşrəbü zöhhad gördügün könlim), celil (böyük) təsərrüf (sərf etmə), mü­said (münasib), münafik (aravuran), maləsəf (təəssüf), münazaa (mübahisə, savaş), mümtaz (seçilən, hörmətli), mendil (dəsmal), sene (il), telakki (anlayış, dünya baxışı), munzat (birləşmiş), müsadif (rastlaşma), munfasıl (ayrı), musaddak (təsdiqlənmiş), ika (ika etmək, "yapmak"), nafilə (havayı, boş), ihanət (təhqir, alçaltma), meşrut (şərtlən­miş), meşru (qanun), meşrubat (içki, bizdə: şərab), acele (tez, ərəbcə: əcilə) və s. min­lərlə, bəli, yüzlərlə yox, məhz minlərlə sözlər. Burada mülayim, ancaq dönməz bir mən­tiq var: orta əsrlər Anadolu şairlərinin, yazı dili nümayəndələrinin işlətdikləri, Osmanlı di­li adlandırılan Türkiyə ədəbi dilinin tarixində işlənmiş bu sözləri bu gün Türkiyənin xalqı, ziyalıları anlayır və ünsiyyətdə işlədirlərsə, deməli, bu leksika tarixən anlaşıldığı üçün ya­şadılmış və bu gün də istifadə olunur. Osmanlı yazı dilində işlənmiş lüğətindən yüzlərlə söz müasir Türkiyə ədəbi dili üçün arxaikləşibsə, bu bütün dünya dillərində gedən bir prosesdir. Bu, səkkiz yüz, altı yüz il getmiş inkişafın nəticəsidir. Yeniləşmə getməsə, ar­xaikləşmə də getməzdi - bunu inkişaf məntiqi tələb edir.

Eyni iş Azərbaycan dilinin tarixində getmişdir. Füzuli dilindəki ərəb lüğəti o dövr Azər­baycan cəmiyyəti tərəfindən qəbul olunmuşdur. Dediyimiz kimi, elmi üslubdakı leksikon elmi cəmiyyətin işində işlənib, ancaq qəzəllərindəki, məsnəvilərindəki, başqa bədii janr­larındakı lüğət xalqın, geniş kütlənin qavrayışı səviyyəsində olmuşdur. Füzulinin bədii di­lindəki ərəb lüğətinin əksəriyyəti bu gün müasir Azərbaycan türkcəsində işlənir, yəni, an­laşılır. Bu gün Azərbaycan dilində işlənən Füzuli ərəbizmlərindən, xüsusilə farsizmlərin­dən elələri var ki, onlar da müasir Türkiyə türkcəsində işlənmir. Deməli, Türkiyə türkcə­sinin tarixi təcrübəsi Azərbaycanda da olmuşdur: bu gün Füzulinin bədii dilində anlaşıl­mayan ərəbizmlərin hamısı şairin müasirləri üçün başa düşülən olmuşdur. Azərbaycan və Türkiyə türkcələrində də, Türküstan və Volqa boyu türkcələrində də, təxminən, eyni ərəb sözləri işlənmişdir (İmperiya dili olduğu, ərəblərlə daha çox kontaktda olduğu üçün, təbii ki, Türkiyə türkcəsində nisbətən artıq olmalı idi). Ərəb sözləri islam dini və onun tədrisi, təlimi ilə bağlı olduğundan, ərəb dili dövlət və elm dili kimi mədrəsələrdə tədris edildiyindən Ön Asiya, Türküstan, Volqa boyu və Krımda bir ərəb dili mühiti var idi. Bu türk coğrafiyalarının söz ustaları yaşadıqları cəmiyyətlərdə xalqın mədəni səviyyə­sini, dil biliyini nəzərə alıb öz əsərlərinin yazırdılar, deməli, bilavasitə öz cəmiyyətləri üçün yazırdılar. Yenə təkrar edirəm: Füzulinin anlaşılmasını bugünkü oxucuların anlaşma dərəcəsindən çıxış edərək qiymətləndirmək olmaz - zamanında Füzuli qəzəlləri rahatca anlaşılıb.

Başqa bir məsələ. Tarixən və bu gün Azərbaycanda işlənən insan adları fikrimizi davam etdirmək üçün bizə müəyyən söz deyir. Bu gün insan adı kimi elə ərəb və fars sözləri iş­lənir ki, geniş kütlə bu adların lüğəti mənasını bilmir, hətta öz adının mənasını bilməyən zi­yalılar var. Ancaq məlumdur ki, adqoymada həmişə sözün mənası nəzərə alınıb və əcda­dımız, nənələrimiz, dədələrimiz övladlarına ad vermək üçün yaxşı mənalı sözləri seçib­lər. Mənasını bu gün bilmədiyimiz adlar ənənəvi işlənib və biz də dədə-babalarımızdan gələn bu adları stixiya ilə qəbul edirik. Deməli, ulu babalarımız bu sözlərin mənasını bilib­lər və, deməli, bu sözlər onların zamanında ünsiyyətdə işlənib, sonra arxaikləşib - məna sözün içində daşlaşıb, məna abidələşib. Məna adların içində etnoqrafik məzmun kimi, adət kimi yaşayıb. Bir neçə örnək: Şəmayıl (şəkil, gözəl surət. - Bir qayət ilə şəmaili-xub... - L.-M.), Salatın (sultanın cəmi), Səməd (əbədi), Əşrəf (şərəfli, möhtərəm), Faiq (üstün, seçilən), Rizvan (xoşhallıq), Fuad (ürək), Tofiq (qabil olma, bacarıq. - Məndə tofiq olsa, bu düşvarı asan eylərəm), Müşfiq (şəfqətli), Məşkur (şükr edilən, yaxşı), Şa­kir (şükr edən), Vəsilə (vasitə, qovuşma), Nəbi (peyğəmbər), Rəsul (elçi, peyğəmbər), İqbal (bəxt. - Sən düşmən üçün dilərsən iqbal - L.-M.), Qədir (tale), Firuz (qalib, bəxt­li), Müştaq (həsrət çəkən. - Müştaqinəm, ey əcəl, kərəm qıl), Nüsrət (qələbə. - Yarun tərəfində ola nüsrət), Əfsər (tac. - Bəsdürür başumda tövfiqi-qənaət əfsəri), Sürəyya (Ülkər - ulduz), Həbib///Həbibə (dost. - Həbibim, fəsli güldür bu...), Vaqif (məlumatlı, vəqf edən), Dilara (ürəkbəzəyən), Diləfruz (sevindirən, ürəkaçan. - Leyli kimi ləfzimi di­ləfruz eylə), Hadi (yolgöstərən), Rza (razı), Dilsuz (ürəkyandıran), Müseyib (laqeyd, li­beral, tərəddüd edən), Rahil///Rəhilə (köçmə, getmə), Həsən (gözəl)...

Bu adların tarixən ünsiyyətdə konkret məna bildirən sözlər kimi işlənmiş olmalarını əya­ni göstərmək üçün bunlardan bəzilərini Füzuli misralarında verdik. İnsan adlarında işlə­nən ərəb, fars sözlərindən müəyyən qismi bugünkü ünsiyyətimizdə işlənir və başa düşü­lür: Gövhər, Gülnaz, Qönçə, Cəvahir, Dürdanə, Zümrüd, Firuzə, Mətləb, İzzət, Mənzə­rə, Hicran, Zahir, Nəsib///Nəsibə, Alim///Alimə, Arif///Arifə, Mübariz, Lətif///Lətifə...

Bu gün anlaşılmayan adları da tarixən əcdadımız anlamışdır. Bu gün özlüyündə anlaşıl­mayan ərəb və ya fars sözü müəyyən ifadə daxilində rahatca qavranır. Məsələn, ”övc” (ən yüksək nöqtə) şivədə "əvc eləmək" (öhdəsindən gəlmək) ifadəsində işlənir (Cəbrayıl şivəsi), "yeksan” fars sözünün "bərabər, bir səviyyədə" olmaq mənası bilin­mir, ancaq xarabalığa dönmüş bir tikinti üçün işlədilən "yerlə yeksan olmaq" ifadəsində başa düşülür (hətta şivələrimizdə xalq dilinə məxsus metatezaya uğrayır: yeskan); "natə­van” (gücsüz, zəif) - bilinmir, tavanasız bilinir, "cənnətül-məva” bilinmir, ancaq sinonimi ilə başa düşülür: "cənnət-məkan”; "sayə”, "barə” - fars sözləri "sayəmdə”/”sayəsində”, "barəmdə”/”barəsində” qəliblərində qramatikləşmiş şəkildə məlumlaşır; bad (farsca yel) "bada getmək”, "ömrü yelə vermək" frazeoloji tərkiblərində bilinir; "mord” (farsca "ö­lü”) bilinmir, ancaq "mürdəşir" anlaşılır. Yaxud "fasiq” - ərəbcə "pis əməl sahibi", "hiylə­gər" bədii əsərin içində hər kəsə aydın deyil, ancaq şivədə "fasıq” tələffüzü ilə "bic, hiylə­gər, saman altdan su yeridən" mənalarında işlənir. Mətndə "məzaq” (zövq, ləzzət, həzz) ərəb sözünü bilməyən bugünkü azərbaycanlılar mazaqlaşmağın nə olduğunu bilirlər; "bə­sər” (göz, görmə), "bəsir” (uzaqgörən, bilici), "bəsarət” (açıqgözlülük, gələcəyi görmə), "bəsirət” (gözüaçıqlıq, uzaqgörənlik) sözlərinin mənasını bu gün başa düşməyən xalq kütləsi "basaratı bağlanmaq" frazeologiyasını istənilən məqamda rahatca işlədir; farsca "həftad” (70) sayını bilməyən bir şəxs söyüşdə "sənin həftadına (yəni yetmiş arxa dönə­ninə) lənət" deyir; "intəha” (son, nəticə), "müntəha” (son, axır) sözlərini ayrılıqda başa düşməyən bir kəs gündəlik danışığında dəfələrlə "intəhası budur ki" ifadəsini işlədir; "müft” (ərəbcə: pulsuz, havayı), "xor” (farsca: yemək) sözlərini bilməyən insan bu gün "müftəxor" sözünü yerindəcə deyir; yaxud birisi "müsəlləm” (məqbul, mübahisəsiz) sözü­nü anlamır, ancaq "müftə-müsəlləm” tərkibini yerli-yerində işlədir.

"Nəqş” sözünü naxış şəklinə salıb öz türk tələffüzünə uyğunlaşdıran kütlə başqa sözləri də beləcə ilk mərhələdə lüğəti məna kimi qavrayır, sonra fonetik, qrammatik baxımlar­dan milliləşdirir. Demək, belə sözlər vaxtilə xalqın ünsiyyətində olub ki, dialektdə olub ki, bu gün kiçik semantik fərqlə yaşayır. Türk sözləri kimi, bunlar da arxaikləşib, arxaik­ləşən türk sözləri kimi, bunlar da dialektdə qalıb. Deyək ki, "mürşid” "müəllim” məna­sında Türkiyə türkcəsində bu gün də işlənir və sərbəst qavranılır. Çünki o, "mürid” (şa­gird, yetirmə) sözü ilə bağlıdır və Mövlananın təlimi ilə bağlı cəmiyyətdə işlənib. Ancaq sovet həmin sözü dini anlayış kimi rədd etdiyindən Azərbaycan türkcəsində arxaikləş­miş, onun "müəllim” sinonimi "şagird” sözü ilə bağlı saxlanmışdır.

Bu gün ədəbi dilimizdə və kütləvi ünsiyyətimizdə siyasi dövlətçilik terminologiyasından tutmuş ən müxtəlif elm sahələri ilə bağlı sahə sözlərinə qədər, seçmə kübar leksikasın­dan tutmuş çox adi məişət nümunələrinə qədər sərbəst və frazeoloji birləşmələr içində tam şəffaf, bütün semantik incəliklərinə qədər məzmunca anlaşılan böyük ərəb-fars söz­ləri kütləsi vardır - yüz deyil, min deyil, minlərcədir: dövlət, millət, hökumət, hakimiyyət, mətbuat, mətbu, müddəi, iddəa, müddəa, mədhiyyə, təhdid, təhlükə, etimad, etibar, eh­tişam, məşəqqət, iltizam, qayil, qayib, ağıl, aqil, maliyyə, müayinə, təəhhüd, təkamül, tə­sərrüfat, təvazö, məşvərət, tifil, taqət, qüvvət ("qüvvət” "güc" sözündən daha işləkdir), xəbər, nəzər, üslub, cövhər, məktəb, müəllim və az qala intəhasızlığa qədər gedən anla­şıqlı, gündəlik elmi, ictimai-siyasi və məişət səviyyələrində işlək sözlər.

Xeyli ərəb, qismən də fars sözləri daxili fleksiyası ilə qorunub saxlanmışdır: eşq-aşiq-məşuqə, nitq-natiq, şeir-şair (klassik şeirimizdə: əşar-şüəra), elm-alim-müəllim, katib-kitab-məktub, zahir-zühur-təzahür, zülm-zalim-məzlum, iddia-müddəa-müddəi, kamal-kamil-təkmil, sərf-məsrəf, fəqir-füqəra (bir söz kimi), rəsm-rəssam, hədd-hüdud-məh­dud, nəqş-nəqqaş, qeyb-qaib, faş-ifşa, hədə-təhdid, üzr-məzur, fəxr-iftixar, qürur-məğ­rur, vələd-övlad-təvəllüd, vasitə-vəsait...

 Dini hərəkat və duyğularla, elm-maarif-mədəniyyət əlaqələri ilə, gündəlik təmas-ünsiy­yətlə bağlı bu sözlər o qədər güclü dalğa kimi gəlib ki, flektiv qəliblərlə, hazır qramma­tik formalar şəklində ünsiyyətə nüfuz edib və o qədər kütləvi işləklik qazanıblar ki, indi də eyni kökdən müxtəlif flektiv formalarında qalırlar. Deməli, bu flektiv qəliblər gəldiklə­ri zaman qavranmışdır. Ümumiyyətlə, əcnəbi qrammatik nümunələr həmişə anlaşılmazlıq faktoru olmur: əcnəbi sözlərin mənaca anlaşılan və anlaşılmayanı olduğu kimi, əcnəbi qrammatika da həmin həyatı yaşayır. Və bu hətta əcnəbi sintaksisə də aiddir. Təsadüfi deyil ki, bu gün ədəbi və danışıq dilimizdə bir sıra anlayışlar məhz izafət (əcnəbi söz bir­ləşməsi) qəliblərində ifadə olunur: tərcümeyi-hal (bioqrafiya), ərzi-hal (müraciət), kürre­yi-ərz (yer planeti), dadi-bidad (köməksizlərin köməyi - Allah nəzərdə tutulur), əyya­mi-qədimdən (çox uzaq keçmişdən), əfkari-ümumi (ümumi rəy) və s. Hətta bir çox ta­besiz söz birləşmələri də milli tələffüzün təsiri ilə mürəkkəb söz kimi qavranırlar: ah-vay (Hər sənətkarın dili, birinci növbədə, yaşadığı nitq mühitinin yetirməsidir. Füzuli Bağdad­da yaşayıb yaradıb. O, Azərbaycanın müxtəlif bölgələrindən gəlib orada məskunlaşmış həmsoylarının, Kərkük oğuzlarının dilini və onların ərəb sözlərini anlama dərəcəsini nəzə­rə almamış deyil. Füzuli Bağdadda yox, Təbrizdə doğulsaydı, Qövsi Təbrizinin, Şamaxı­da dünyaya göz açsaydı, Seyid Əzim Şirvaninin türkcəsində yazardı.

Füzuli Şərqin şöhrətli dillərinə bələd idi. Quranın dili olan ərəb ədəbi dilini, "Şahnamə"­nin, Nizami "Xəmsə"sinin dili olan fars dilini yaxşı bilirdi. Yəni ədəbi dil tiplərindən xə­bərdar idi, ədəbi dilin nə olduğunu, ədəbi dilin ictimai və mədəni xidmətini aydın təsəv­vür edirdi. Və Nizamini, Əlişir Nəvaini, Şərqin nəhəng söz ustalarını yaxşı tanıyan Füzu­li ədəbi dilin fəaliyyət göstərməsində konkret şəxsiyyətin, söz ustadının xidmətini bilirdi. Adi bir misal. Nəsimi deyir: Səni bu hüsni-camal ilə, bu lütf ilə görən Qorxdular həqq deməyə, döndülər, insan dedilər - "dönüb insan dedilər" qəlibi sırf ədəbi dil faktıdır. An­caq Nəsimi xalis danışıq dili kimi şəxsli, zamanlı fel (döndülər) işlədir. Füzuli deyir: Ki­mə kim dərdimi izhar qıldım, istəyib dərman, Özümdən həm betər bir dərdə onu mübtə­la gördüm - danışıq dili forması kimi "izhar qıldım, istədim dərman" deyə bilərdi, ancaq xalis ədəbi dil faktı kimi feli bağlama (istəyib) şəklini işlədir, ədəbiləşdirməyə can atır. Bu kontekstdə türk ədəbi dilinin inkişafında öz yerini görürdü. Görəcəyi işə özünü hazır­layırdı. Türkcəni Şərqin şöhrətli dilləri ilə rəqabətə çıxarırdı.

Füzuli görürdü ki, XVI əsr Şərqində Firdovsi, Nizami, Əlişir Nəvai yoxdur:


Yoxdur bir mülk bu zəmanda

Ki, nəzm rəvacı ola anda.

Nə Hind, nə Fars, nə Xorasan,

Nə Rumü Əcəm, nə Şamü Şirvan.

Olsaydı birində bir süxəncsənc,

Əlbəttə, əyan olurdu ol gənc.


Göründüyü kimi, Füzuli toponimik adlarla Oğuz coğrafiyasını nəzərdə tuturdu. Füzuli bu baxımdan gerçəkçidir - realistdir: o, belə fantaziya irəli sürə bilməzdi ki, Altaydan Bal­kana, Volqadan Kərkükə bütün türklər üçün yazsın. Ərəb tarixçi-səyyahlarının Türk Dünyası haqqında əyani tarixi kitabları ona məlum idi: onun Turanı xülya deyil, görünən, qavranan coğrafiyadır. Füzuli Ə.Nəvainin əsərləri timsalında Şərq ədəbi türkcəsinin zir­vəsini görür və türkcənin Oğuz nümunəsini - Qərb ədəbi türkcəsini yaratmağa qərarla­şır. Osmanlı imperiyasının siyasi mövqeyi də bu ideyanı gündəliyə gətirir. Füzulinin zama­nında Sultan Süleyman İrakı da Osmanlı imperiyasına qoşmuşdu. Füzuli Sultan Süley­manı əsrin padşahı, islamın padşahı, Məkkə və Mədinənin şahənşahı, Şərqin və Qərbin hakimi, Türkü ərəbü əcəmin pənahı, zamanın İsgəndəri təyinləri ilə vəsf edir və onun gü­nəş kimi dünyanı əhatə edən səltənətində İran və Turanı "kiçik bir cilvəgah" (xırda bir parıltı məkanı) sayır. Bu dövlətin - Osmanlı imperiyasının türk ünsiyyət dili - ədəbi türk­cəsi olmalı idi (vaxtilə bütün türk imperiyalarında olan kimi). Füzuli bu işi öz üzərinə gö­türür. Şah İsmayıl Xətai, Azərbaycan dövlətçilik faktoru da var idi - Azərbaycan türk­cəsi dövlət dili kimi fəaliyyət göstərirdi və Xətai ana dilində gözəl poeziya nümunələri ya­radırdı (Sultan Süleymanın da Qanuni təxəllüsü ilə şeirləri məlumdur). Bütün maksimal yaxınlıqları ilə yanaşı, Füzuli Azərbaycan və Türkiyə türkcələrinin arasında fərqləri də görürdü:


Olmuşdi rəfiqü həmzəbanım,

Ayineyi-tutiyi-rəvanım

Bir neçə zərifi-xütteyi-Rum.


Yəni: güzgüdə şey necə əks olunarsa, Türkiyə türkcəsi (bir neçə Rum zərifinin danışığı) mənim rəvan tuti dilimdə (Azərbaycan türkcəsində) elə əks olunurdu. Füzuli öz ana dili­ni imperiya dili səviyyəsində işlədir. Ancaq bu türkcələri ümumoğuz dili şəklində ümumi­ləşdirməli olur.

Füzulinin dilində elə leksik vahidlər və qrammatik-morfoloji türkcə nümunələr var ki, on­lar bu gün Azərbaycan türkcəsi üçün arxaikdir, ancaq müasir Türkiyə türkcəsində ədə­bi dildə və canlı xalq danışığında işlənir. A. Leksik nümunələr: sunmaq (təqdim etmək), bulmaq, bəkləmək, sakin olmaq (sakit olmaq), dinlənmək (dincəlmək: Yarsuz eşq əhli­nün dinlənməgi mümkün degil), düşmək (yıxılmaq: Düşdüvü qucaqladı məzarı), şimdi, kəndi, qac (neçə), yarın (sabah). B. Qrammatik nümunələr: 1) idarə əlaqəsi - sorma zöhhadə (zöhhaddan); 2) feli bağlamanın mənsubiyyət şəkilçiləri ilə işlənməsi - içdigim­cə (mən içdikcə), baqdığımca (mən baxdıqca); 3) əmr formasının şəkilçiləri - I ş. t.: ge­dəyim (gedim), görəyim (görüm); I ş. c: bəkliyəlim, çıqalım (çıxaq), qoyalım (qoyaq. Qoyalım başı xümi-badə ayağına gəlin); 4) xəbərlik və şəxs şəkilçilərində -z elementinin işlənməsi: bəkləriz, çəkməkdəyiz, sanmanız, biziz (Biziz məşhur olan - Leyli sana, Məc­nun mana derlər), vəqtiz (Bixəbərlər şərbəti-rahət bilirlər badəyi, Biz həkimi-vəqtiz, tök­müşüz, anı can bilmişiz); 5) bacarıq mənasının ifadəsi: yenəməz (yenə bilməz), duramaz (dura bilməz); 6) Təsirlik halda -yi şəkilçisinin işlənməsi; Məcnun ilə Leyliyi qılub yad; -mi sual ədatının şəxs və xəbərlik şəkilçisindən əvvəl gəlməsi: Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim; bumudur vəfan...

Faktdır ki, bu nümunələr Füzulidə müasir Azərbaycan türkcəsindəki formaları ilə para­lel işlənir. Məsələn, həm "Görünüz gah yapub, gah yıqan memari" deyir, həm də deyir: "Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın, Vey məhü mehr, çıxın, qüdrətə nəzzarə qılın". Bir tərəfdən "Nə şərbətdür qəmün kim, içdigümcə əksilur səbrim, Nə qehr eylər rüxin kim, baqdığumca rəğbətüm artar", bir tərəfdən "Baxdıqca sana qan saçılır didələrim­dən" deyir. Hətta eyni beytdə müasir və arxaik bildiyimiz formaları görürük: "Yar meh­manımız oldu, gəlün ey canü könül, Qılalum sərf, nəmiz var isə, mehmanimizə".

Belə nümunələrin bu gün Türkiyə türkcəsində işlənməsi belə bir təəssürat yarada bilər ki, bunlar o dilindir. Halbuki bunlara başqa əsrlərdə, başqa klassiklərimizin də dilində rast gəlirik. "Əkinçi" qəzetimizin dilində "şimdi" zərfi də, -z elementi də gen-bol işlənir. XIX əsrin komediyasında Əşrəf bəy də, nökəri Cəbi də ("Yağışdan çıxdıq, yağmura düşdük") müsahiblərinə "buyuruz" deyə müraciət edirlər. Gəliz///Gəliniz, buyuruz///buy­runuz forması tarixən bədii əsərlərimizin dilində kübar dili, yüksək üslub faktı kimi müşa­hidə olunub, bu gün də məqamına görə işlənir. S. Əzim "Tutalım, elmə olmusan vasil, Bi­zə bu elmdən nədir hasil" deyirdi. Bu gün bizdə canlı danışıqda "tutaq ki" modal sözün­dən çox "tutalım ki" işlənir. İndi Azərbaycan şivələrində taledən şikayət məqamında de­yirlər: "Allah ona əzəldən bir gün sunmadı" (Cəbrayıl şivəsi). Klassik ədəbi dilimizdə iş­lənmiş "ruzgar” bu gün Türkiyə türkcəsində bizdəki "yel, külək” mənasında, "yağmur” bizdəki "yağış” mənasında işlədilir. Halbuki bizdə də məhdud dairədə özünü göstərir: "yağışa-yağmura düşmək" ifadəsində, "Yağışdan çıxdıq, yağmura düşdük" məsəlində. Bu gün şivələrimizdə -yı təsirlik hal şəkilçisi geniş işlənir, halbuki Türkiyə türkcəsində ədəbi dil faktıdır. Yunus Əmrənin dilində "necə" "nasıl"dan işləkdir. "Yara” mənasında "baş” sözü Yunusda da, Nəsimidə də var və s. Bunlar və daha başqa çoxlu faktlar gös­tərir ki, belə nümunələr oğuz dilinə məxsus ümumi material olmuş, oğuz türkcələri ol­maq etibarilə Azərbaycan və Türkiyə ədəbi türkcələrində müvazi işlənmiş, sonralar hər xalqın dilində tədricən xüsusiləşmələr getdikcə, ədəbi səviyyələrdə də paylanmalar baş vermişdir.

Təbii ki, Azərbaycan və Türkiyə türkcələrinin ümumoğuz məxrəcində belə ümumiləşdi­rilməsi Osmanlı imperiyası hüdudlarında öz ədəbi dilini ümumi ədəbi dil kimi təqdim et­mək üçün Füzuliyə mütləq vacib olmuşdur. Bütün bu ümumiləşmə ilə yanaşı, Füzuli dili­nin cövhərində Azərbaycan türkcəsi dayanır. Onun dilində əsas lüğət fondu və bütün in­cəlikləri, detalları ilə milli sintaksis Azərbaycan türkcəsinindir. Morfologiyasında Türki­yə türkcəsinə, əslində gələcəkdə Türkiyə türkcəsinin ayağında sabitləşəcək morfologiya­ya müraciət sıx-sıx görünür.

Bir sözlə: Füzulinin dilində nə varsa, bilavasitə XVI əsr Azərbaycan ədəbi dilinin və, ümumiyyətlə, Azərbaycan ədəbi dilinindir. Günümüz üçün onun arxaikləşəni var, eynən qalanları var, ancaq zamanında bir bütöv olub. Bugünkü oxucu üçün anlaşılanı var, anla­şılmayanı var, ancaq zamanında hamısı anlaşılıb - bir qismini hamı, bütün xalq anlayıb, iş­lədib, bir qismi müəyyən qrup insanların işinə yarayıb, onların istifadəsində olub. Həmin "bir qrup insan" da xalqın tərkib hissəsi olub, xalqın ziyalısı, kübarı olub. Deməli, bu ədəbi dil öz dövrünün xalqına, xalqının müxtəlif qatlarına xidmət göstərib. Deyək ki, "Arşın mal alan", "O olmasın, bu olsun"un müəllifi Üzeyir bəy millətin varlığından, onun dilindən danışarkən əcnəbi "isbati-vücud" ifadəsini işlədir: "Bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir". Əgər bu ifadə anlaşılmasa, işlətməzdi, "varlığını is­bat (və ya sübut) etməsi" yazardı. Sözün kimin dilindən getməsi də şərtdir - Üzeyir bə­yin komediyalarındakı dil xalq danışığıdır, obrazların dilidir, ancaq bu ifadə elmi məqalə­dəndir, müəllifin dilidir. Eyni vəziyyət M.F.Axundzadədə görünür - dramaturqun xalq ünsiyyət dilində yazılmış komediyalarının adı belədir: "Hekayəti-Molla İbrahim Xəlil kim­yagər", "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məş­hur", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Sərgüzəşti-mərdi-xəsis" və s. Söz yaradıcılığı kimi, yeniləşmə kimi arxaikləşmə də dilin gündəlik hərəkətidir, daimi bir prosesdir. Hələ keçən əsrin 20-30-cu illəri ilə bu gün arasında (XXI əsrin əvvəlləri) ədəbi dildə nə qə­dər söz arxaikləşib: ədəbi dilimizdə, bədii, publisist, elmi üslublarda, rəsmi dildə işlənən Türkiyə türkcəsinə məxsus yüzlərlə söz, ruscanın "revolyusiya”, "kultura”, "finans”, "qeometriya”, "absolyutizm” kimi onlarla sözü işləklikdən çıxdı. Bu gün (XXI əsrdə) ge­niş kütlə üçün bilinməyən məcid (adlı-sanlı), məhal (çətin. - Elm kəsbilə payeyi-rifət Ari­zuyi-məhal imiş ancaq. - Füzuli), nihal (körpə ağac), fidan (körpə budaq), nihad (xasiy­yət) kimi sözlər XX əsrdə 30-40-cı illərin yaşlı nəsli tərəfindən işlənir, bədii ədəbiyyat­da təşbeh kimi istifadə olunurdu.

A.Puşkin rus milli ədəbi dilinin banisidir, ancaq onun dilində müasir rus dili üçün xeyli ar­xaikləşmiş əski slavyan dili faktları var (hələ Puşkin XIX, Füzuli - XVI əsrdir).

A.Dante italyan milli ədəbi dilinin banisi sayılır, ancaq onun haqqında deyilir: "Dante keçmiş Roma ilə yeni Roma arasında körpüdür" (Engels). Əgər Dante iki nəsli bağlayır­sa, bu iki nəsil əski və yeni ədəbiyyatdır, deməli, bunların arasında nə qədər söz və qrammatika fərqi olmalıdır. Beləcə, Füzuli Nəsimi ilə S.Əzimi bir-birinə bağlayırdı.

Bu, Azərbaycan ədəbi dilinin tarixi təcrübəsi ilə təsdiqlənir - göz qabağındadır. Dünya­nın böyük inkişaf tarixinə malik çox dillərində belə olmuşdur. Bütün mövcud təcrübələri ümumiləşdirən bu günün dil nəzəriyyəsinə görə də bu belədir. Bütün arxaikləşən və ar­xaikləşməyən leksika və qrammatikası ilə M.Füzuli Azərbaycan milli ədəbi dilinin banisi­dir.

Tofiq HACIYEV

mənbə: Azərbaycan jurnalı

Bölmə: Məqalə | Baxılıb: 2034 | Müəllif: vatanbaku | Teqlər: türkcə azərbaycan dili AZƏRBAYCAN Ə | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Dekabr 2009  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2018Free web hostinguCoz