 Çingiz Aytmatov Manqurt ( "Gün var əsrə bərabər "romanından parça )
Ana-Beyit qəbiristanlığının öz tarixi vardı. Əvvəl-başdan rəvayət
onunla başlanırdı ki, bu yerləri zəbt eləyən juanjuanlar əsir
tutduqları düşmən əsgərləri ilə çox amansız rəftar eləyirmişlər.
Imkanları olanda əsiri qonşu ölkələrə qul satarmışlar, bu da əsir üçün
xoşbəxtlik hesab olunurmuş, çünki ümid yeri qalırdı, kim bilir, bəlkə
elə bir imkanı oldu ki, qaçıb vətənə qayıtdı... Juanjuanların özləri
üçün qul saxladıqları əsirləri isə dəhşətli tale gözləyirdi. Onlar öz
qurbanlarının başına zif keçirib dözülməz işgəncə verərək onun
yaddaşını tamam yox eləyirmişlər. Bu işi adətən, davada əsir alınmış
cavan döyüşçülərin başına gətirirmişlər. Əvvəlcə onların başını
qırxırmışlar, tükləri bir-bir dibinəcən təmizləyirmişlər. Başı qırxıb
qurtaranacan Juanjuanların təcrübəli qəssabları lap yaxında qart bir
dəvə kəsərmiş. Dəvənin dərisini soyanda, əvvəlcə onun ən ağır və möhkəm
olan boyun dərisindən başlayarmışlar. O dəqiqə də hissələrə bölüb,
buğlana-buğlana başı qırxılmış əsirlərin başına keçirərmişlər, dərinin
çəkilplainməyi ilə saqqız zifi kimi yapışmağı bir olurmuş–bir növ
indiki üzgüçülük papaqları kimi. Başına belə iş gətirilən adam ya ağır
işgəngələrə dözməyib ölür, ya da ömür-billah yaddaşını itirib manqurt
olurmuş–yə’ni keçmişini xatırlaya bilməyən qula çevrilirmiş. Bir
dəvənin boyun dərisi beş-altı zifə bəs eləyirmiş. Zif salınandan sonra
məhkumun boynuna taxta kündə keçirirmişlər ki, başını yerə çatdıra
bilməsin. Onların tükürpədici nalələri boş yerə narahatçılıq verməsin
deyə yazıqları bu vəziyyətdə uzaq yerə aparıb, əl-ayaqları bağlı,
ac-susuz atarmışlar qızmar günün altına. Işgəncə bir neçə gün sürürmüş.
Müəyyən yerlərdə də güclü gözətçi dəstələri qoyarmışlar ki, hələ sağkən
qohumlarından, əqrəbalarından gəlib onları xilas etmək fikrinə
düşsələr, qoymasınlar. Ancaq belə hallar çox nadir olurmuş, çünki açıq
düzənlikdə hər cür hərəkət uzaqdan görünür. Sonralar bir nəfərin
manqurt olunmağı xəbəri gəlib qəbiləyə çatanda, onun ən yaxın qohmları
belə onu xilas eləmək, ya satın alıb qurtarmaq istəmirmişlər, çünki bu,
aplaindamın özünü yox, müqəvvasını qaytarmaq demək idi. Rəvayətdə
Nayman-Ana kimi tanınan bircə nayman qadını öz oğlunun bu bədbəxtliyi
ilə barışa bilməyib. Sarı-özək əfsanəsində də elə bu barədə danışırlar.
Qəbiristanlığın adı da bununla əlaqədardır–Ana-Beyit, yə’ni Ana məskəni
. Sarı-özəyin qızmar
günəşinin döydüyü çöldə ağır işgəncə çəkənlərin çoxu dözməyib ölürmüş.
Beş-altı manqurtdan biri, ya ikisi sağ qalırmış. Onların ölümünə bais
aclıq, ya susuzluq olmurmuş , onların axırına çıxan gün altında quruyub
manqurtun başında get-gedə amansızcasına sıxılan xam dəvə dərisinəin
verdiyi dözülməz əzablardı. Qızmar günəşin şüaları altında durmadan
sıxılan zif qulun qırxıq başını dəmir məngənə kimi sıxırdı. Əzaba
mə’ruz qalan bu yazıqların ikinci gün tükləri uzanmağa başlayırdı.
Asiyalıların düz və cod tükü bə’zən dəvənin xam dərisinə bitir, çox
vaxtasa yol tapa bilmir, qayıdıb təzədən manqurtun dərisinə girərək
onun əzabını daha da artırırdı. Bu sonucu işgəncə vaxtı məzlumların
şüuru lap pozulurmuş. Juanjuanlar yalnız beşinci gün gəlib onları
yoxlayırmışlar ki, görsünlər kim ölüb, kim qalıb. Əsirlərdən birini
tapanda belə hesab eləyirmişlər ki, məqsədlərinə çatıblar. Ona su
verir, qandal- kündəsini açır, bir az sonra da qulluq eləyib gücə
gətirir, ayağa qaldırırdılar. O, yaddaşını itirib dplainönüb olurdu qul
manqurt, buna görə də adi sağlam qullara nisbətən birə-on artıq
qiymətləndirilərdi. Hətta belə bir qayda varmış: öz aralarında
vuruşma-zad düşəndə manqurt öldürülərsə öz həmqəbilələrinə nisbətən üç
artıq ödəniş verilməlimiş. Manqurt kim olduğunu, hansı
nəsildən-qəbilədən olduğunu, adını, uşağlığını, atasını, anasını
xatırlayıb yadına sala bilmirmiş–qərəz ki, manqurt özünü insan kimi
dərk edə bilmirmiş. O, dilsiz-ağızsız heyvan kimi bir şey olduğu üçün
tamamilə müti və təhlükəsiz idi. Manqurt heç vaxt qaçmaq fikrinə
düşməzmiş. Buna görə də onu güdmək, keşikçi saxlamaq, gizli
niyyətlərindən şübhələnmək lazım gəlmirdi. Manqurt sadıq it kimi bircə
öz sahibini xatırlayırdı, başqa adamlara baş qatıb qarışmazdı. Bircə
fikri–qayğısı vardısa o da qarnını doydurmaqdı. Başqa dərdi-çoru yox
idi. Əvəzində tapışırılan işi kor-koranə, can-dildən, inadla yerinə
yetirərdi. Manqurtlara, adətən, ən çirkin və ağır işləri gördürərdilər,
ya da ki, küt dözüm tələb eləyən cansıxıcı işlər buyurardılar.
Uzaqlarda otlayan dəvələrə pasibanlıq eləyən manqurtdan başqa heç kəs
Sarı-özək çöllərinin tənhalığına, kimsəsizliyinə dözə bilməzdi. Belə
bir əlçatmaz yerdə bircə manqurt neçə-neçə xitmətçini əvəz eləyirdi.
Yeməyini vaxtılı-vaxtında ver, yay-qış qalıb iplainşini görsün, özü də
nə təklikdən, nə tənhalıqdan şikayət eləsin. Sahibinin əmri manqurt
üçün hər şeydən artıqdı. Yeməkdən, bir də çöldə soyuqdan donmamaq üçün
kör-köhnə nimdaş paltardan başqa bir şey istəmirdi. Bu əhvalat o
dövrlərə aiddir ki, Juanjuanlar köçəri Asiyanın cənub civarlarından
sıxışdırılıb çıxarıldıqları üçün şimala yeriş eləməmiş, uzun müddət
Sarı-Özək çöllərini zəbt eləyib, ərazilərini genişləndirmək, qul ələ
keçirmək üçün qovğalar aparırdılar. Bu üzücü qovğaların ara verdiyi
sakit günlərin birində Nayman topraqlarına karvanlarla mal gətirən
sövdəgərlər çay məclisində söhbət vaxtı danışırlar ki, Sarı-Özək
düzlərindən keçəndə quyuların başında Juanjuanlar tərəfindən elə bir
ciddi müqavimətə rast gəlməyiblər, çöllükdə böyük bir dəvə sürüsünü
güdən cavan bir pasiban görüblər. Sövdəgərlər onunla danışmaq istəyəndə
görüblər ki, oğlan manqurtdır. Baxan deyir ki, sapsağlam adamdır,
heç kəsin ağlına gəlməz ki, onun başına belə iş gətirilib. Yəqin o da
vaxtında söz deyib, söz anlayan oğlanmış, özü də lap cavan-cahil, bığ
yeri təzə tərləyib, sir-sifəti, görkəmi də pis deyil, di gəl ki,
danışdıranda elə bil dünən dünyaya gəlib, yazıq uşaq nə atasının adını
bilir, nə anasının, Juanjuanların onun başına gətirdikləri müsibəti də
xatırlaya bilmir, hardandır, kimlərdəndir, onu da bilmir. Nə soruşursan
dinmir, bircə " hə " bilir, bir də " yox", bir də qulaqlarınacan
keçirdiyi papağından bərk-bərk tutub dayanır. Dəvənin dərisi bə’zən
ömürlük bitişib qalır manqurtun başında. Belə manqurt üçün ondan böyük
cəza yoxdur ki, deyəsən, gəl, başını buğa verib dərini qopardaq. Dəli
ayğır kimi çırpınacaq, bir adamı da başına yaxın buraxmayacaq. Belə
manquryt heç vaxt papağını çıxartmır, elə papağda da yatır. Bu
söhbət gedən vaxt bir arvad sövdəgərlərə çay süzürmüş. Demə o arvad
Nayman-Ana imiş... O gecə Nayman-Ana səhərəcən çimir vurmur, başa düşür
ki, o manqurt pasibanı Sary-Özək çöllərində axtarıb tapmayınca, onun öz
oğlu olmadığını bilməyincə rahatlıq tapmayacaq. Çoxdan bəri ürəyində
gizləyib saxladığı üzücü, qorxulu bir şübhə ana qəlbində yenidən baş
qaldırmışdı –oğlu döyüş meydanında həlak olub, ya yox? Onun oğlu
Sarı-Özək torpalarında Juanjuanlarla döyüşdə həlak olmuşdu. Əri də bir
il əvvəl öldürülmüşdü. Naymanlar arasında ad çıxarmış, sayılan
kişilərdən biriymiş. Oğlu döyüşə getmişdi ki, atasının qisasını alsın.
Döyüşdə düşmənlə üz-üzə gəlib sinələşəndə görüblər ki, onun oğlu
yıxılıb atın boynuna, döyüşən hay-həşirindən hürkən qızğın at
götürülüb, oğlan duruş gətirə bilməyib yıxılıb, bir ayağı ilişib
üzəngiyə atın böyründən aslı qalıb. At oğlanın cansız cəsədini
sürüyə-sürüyə üz tutub çölə... Tərslikdən at düşmən tərəfə qaçıb.
Naymanlar bir neçə gün dalbadal çölü gəzib axtardılar ki, oğlanın
ölüsünü tapsınlar, bir şey çıxmadı. Nə meyidini tapdılar, nə atını, nə
də silahını-yarağını, nə iz vardı, nə əlamət... Onun həlak olduğuna heç
kimdə şəkk-şübhə yox idi, çünki yaralı olsaydı belə bu neçə gün ərzində
ya qan itkisindən, ya da susuzluqdan ölərdi. O gündən Nayman-Ana
üçün bu bomboş dünyada bomboş günlər başladı. O başa düşürdü ki, davada
həlak olanlar olur, intəhası oğlunun meyidinin döyüş meydanında atılıb
qalmağı, basdırılmamağı ona rahatlıq vermirdi. Bu qara fikirləri
özündən rədd eləmək üçün oğlunun öldüyünə gərək öz gözləri ilə
inanaydı. Ona hər şeydən çox şübhə gətirən oğlunun atının yerli-dibli
yoxa çıxmağı idi, at ölməmişdi, at hürküb qaçmışdı. Bütün ilxı atları
kimi, o da gec-tez üzəngiyə ilişmiş ölünü sürüyə-sürüyə öz ilxısına
qayıtmalı idi. onda nə qədər dəhşətli olsa da atın sürüyə-sürüyə
gətirdiyi bu ölünün üstə ağlayar, ulam-ulam ulayar, üz-gözünü cırardı.
Əvəzində ürəyindəki bütün şübhələri birdəfəlik çıxardıb atardı,ölümünə
də soyuq dərrakəylə hazırlaşardı. Ancaq nə fayda ki, nə oğlunun meyidi
tapıldı, nə də at qayıtdı. Qəbilə camaatı bu hadisəni yavaş-yavaş
unudmağa başlayırdı, çünki zaman keçdicə hər şey silinib, unudulub
gedər... Bircə ana təskinlik tapıb unuda bilmirdi. Fikirləri elə eyni
çevrədə cərəyan eləyirdi. Atın başına nə gəlin, yəhər-əsbab nə oldu,
yar-yarağı hara itdi? Heç olmasa bu əlamətlərə görə oğlunun taleyini
bəlkə öyrənə biləydi! Axı ola bilər ki, çapıb əldən düşəndən sonra
Juanjuanlar onu Sarı-Özəyin bir yerində tutub əplainlə keçirə biliblər.
Yəhər-yüyənli əlavə bir at da pis qənimət deyil. Bəs onda Juanjuanlar
onun üzəngiyə ilişib sürünə-sürünə qalan oğlunun meyidini görəsən
neyləyiblər? Basdırblar, yoxsa qoyublar elə çölün düzündə heyvanlara
yem olsun? Birdən bəlkə diriymiş o, bəlkə allahın işidir, ona ölüm
verməyib? Görəsən onu öldürüb əzablarına son veriblər, ya çölün
düzənində atıblar ki, orda canı çıxsın, bəlkə? şübhələrin sonu yox
idi. O gəlmə sövdəgərlərin heç birinin ağlına gəlməzdi ki, o cavan
manqurt haqqında dedikləri sözlər Nayman-Ananın qovrulan ürəyinə təzə
bir qığılcım salacaq. Ana başa düşdü ki, ta o manqurtu tapmayanca, onun
öz oğlu olub-olmadığını bilməyincə sakitlik tapmayacaq. Sübh
açılanda Nayman-Ana yurddan yola hazır çıxdı. Kandarı adlayıb qapıya
söykəndi, fikrə getdi, aulu tərk etməmiş ətrafı diqqətlə süzdü. Ananın
gözləri doldu, dərin bir ah çəkdi. Heç ağlına gələrdimi ki, belə-belə
günlər görəcək! Sonra özünü ələ aldı, duanın birinci sözlərini
pıçıldadı: " La ilahə illəllah " (Allahdan başqa allah yoxdur) və qəti
addımlarla dəvəyə yaxınlaşdı, dizlərini qatlayıb hıxladı. Nayman-Ana
əlindəki heybələri tələsik alıxdan aşırıb dəvəyə mindi, səsləyib onu
diklədi. Ağmaya indi başa düşdü ki, qarşıda səfər var. Bir neçə gün
idi ki, Ağmaya yeknəsəq inləmə kimi bir səslə, ayaqlarını asta bir
xışıltıyla yerə toxunduraraq ucsuz-bucaqsız Sarı-Özəyin çökəkdüzəniylə
yorturdu, yiyəsi ona aman vermir, kimsəsiz qızmar çöllüklə haylayıb
qovurdu. Yalnız gecələri dincəlirdilər. Səhər açılan kimi yenə
sövdəgərlərin nişan verdiyi yerdə böyük dəvə sürüsünü, manqurt pasibanı
axtarırdılar. Söz yox, Sarı-Özəkdə axtarıb adam tapmaq asan iş
deyil, belə yerdə adam qum zərrəsi kimi bir şeydir, yox,əgər o, düzə
yayılıb otlayan böyük bir dəvə sürüsünün yanındadırsa, get-tez qıraqda
otlayan dəvələrdən birini görəcəksən, sonra da o biri dəvələri, axırda
da gəlib çıxacaqsan pasibanın izinə. Nayman-Ananın ümidi buna idi.
Hələlik heç yanda belə bir şey görə bilməmişdi. Artıq şübhələnməyə
başlamışdı ki, bəlkə dəvələrin otlaq yerini dəyişiblər, bəlkə
Juanjuanlar o dəvələri satılmaq üçün Xivə, Buxara bazarlarına
göndəriblər. Belə olsa, o pasiban elə uzaq yerlərdən görərsən bir də
buralara qayıdarmı? Belə hisslər içində qabağına çıxan alçaq
təpələri aşıb düzə çıxanda birdən qarşısında geniş bir dərəyə yayılıb
otlayan böyük bir dəvə sürüsü gördü. şabalıdı dəvələr alçaq kolluq və
tikanlığın arasında gəzir, kol və tikanların ucunu gəmirirdilər.
Nayman-Ana əvvəlcə sevincindən nə edəcəyini bilmədi. Ağmayanı hayladı,
sonra qorxdu, manqurt olmuş oğlunu görəcəyindən qorxdu. Budur, sürü
otlayır, bəs pasiban hanı? Buralarda olmalıdır. Və dərənin o başında
adam gördü. Uzaqdan kim olduğu bilinmirdi. Əliçomaqlı pasiban yüklü
minik dəvəsinin noxtasından tutub gözünəcən basdığı papağın altından
ona baxırdı. Yaxınlaşıb oğlunu tanıyan Nayman-Ana özünü dəvənin belindən yerə necə atdığını bilmədi. –Oğlum, oğul bala! Səni axtarmaqdan əldən düşmüşəm! Mən sənin ananam!
Və birdən hər şeyi başa düşüb acı bir dəhşətlə səyriyən dodaqlarını
gəmirərək yeri təpikləməyə başladı, nə qədər çalışdı özünü ələ alsın,
özüylə bacara bilmədi. Özünü ayaqda saxlamaq üçün laqeyd dayanıb-baxan
oğlunun çiynindən bərk-bərk yapışıb hönkürtüylə ağladı, çoxdan bəri
başının üstünü kəsdirmiş dərd indi sel kimi onu altına alıb basdırırdı.
Di gəl ki, onun gəlişi oğluna heç bir tə’sir göstərmədi, heç ağzını
açıb soruşmadı ki, ay arvad kimsən, niyə ağlayırsan? Bir an sonra
pasiban onun əlini çiynindən götürüb, özünün yüklü minik dəvəsini
çəkə-çəkə sürünün o başına getdi ki, görsün oynaqlamağa başlayan cavan
dəvələr sürüdən uzaqlaşmayaıblar ki... Nayman-Ana tərpənməyib
yerində qaldı, çömbəlib üzünü əlləri ilə örtərək xısın-xısın ağladı,
başını qaldırmadan bir müddət bu vəziyyətdə qaldı. Sonra özünü toplayıb
oğlunun yanına getdi, çalışdı ki, özünü sakit saxlasın. Manqurt oğul
hep bir şey olmamış kimi mə’nasız və laqeyd nəzərlərlə ona baxdı, üzgün
sifətində nə isə təbəssümə bənzər bir şey işardı. Ancaq gözləri yenə
əvvəlki kimi tamam e’tinasızdı. –Otur danışaq,–deyə Nayman-Ana dərindən bir ah çəkdi. Onlar yerə çökdülər. Nayman-Ana soruşdu: –Məni tanırsan? Manqurt başıyla " yox" dedi: –Bəs adın nədir? –Manqurt. –Səni indi belə çağırırlar, əvvəlki adın yadındadır? Bir əsl adını yadına sal görüm...
Manqurt danışmırdı. Anası görürdü ki, o, adını yadına salmağa çalışır,
qaşlarının arasında iri tər içindədir. Amma görünür oğlan qalın bir
divara rast gəlmişdir, divarı keçə bilmirdi. –Bəs atanın adı nədir? Bəs özün kimsən, kimlərdənsən? Heç olmasa doğulduğun yerisə də bilmirsənmi? Yox, o heç nə bilmir, heç nə xatırlamırdı.
– Ilahi, gör səni nə günə salıblar!–deyə ana pıçıldadı, yenə də özündən
asılı olmayaraq dərddən boğula-boğula ağlamağa başladı. Ananın bu
dərdi-kədəri manqurta qəti tə’sir eləmirdi. –Torpağı almaq olar,
mal-dövləti almaq olar, lap adamın həyatını da almaq olar,–deyə ana
söyləndi,–ancaq adamın hafizəsinə kim qəsd edə bilər, bunun kim
fikirləşib tapıb? Ana onun kim olduğunu soruşmaqla yox, təlqinlə başa salmaq qərarına gəldi.
Sənin adın Jolamandır. Eşidirsənmi? Sən Jolamansan. Atanın da adı
Donenbaydı. Atan yanında deyil? Axı o, sənə hələ uşaqlıqdan ox atmağı
öyrədərdi. Mən də sənin ananam, sən də mənim oğlum. Sən naymanlar
qəbiləsindənsən, başa düşdün? Sən naymansan... Ananın dediklərinə
o, tam laqeydliklə qulaq asırdı, elə bil bu sözlərin ona dəxli
yoxdu.Yəqin otluqda cırıldayan çəyirtkəyə də beləcə qulaq asardı. Və onda Nayman-Ana manqurt oğlundan soruşdu: –Bəs sən bura gəlməmişdən nələr vardı? –Heç nə,–deyə manqurt cavab verdi. –Gecəydi, ya gündüz? –Heç nə,–manqurt eyni sözləri təkrar etdi. –Kimnən danışmaq istəyərdin? –Aynan. Ancaq biz bir-birimizi eşitmirik. Orda kimsə oturub. –Sən daha nə istəyərdin? –Istəyərdim ki, mənim də hörüyüm olsun ağamınkı kimi. –Qoy görüm onlar sənin başına nə iş gətiriblər?–deyə Nayman-Ana əlini onun başına uzatdı.
Manqurt kənara sıçrayıb çəkildi, əliylə papağından yapışıb daha anası
tərəfə baxmadı. Arvad başa düşdü ki, başını heç vaxt onun yadına salmaq
olmaz. Bu vaxt uzaqdan dəvəyə minmiş bir adam göründü. O yaxınlaşırdı. Nayman-Ana soruşdu: –Bu kimdir? –Mənimçün yemək gətirir.
Nayman-Ana təşvişə düşdü. Bu juanjuan onu görməmiş tez çəkilib
gizlənməliydi. O tez dəvəsini hıxlayıb minə-minə oğluna xəbərdarlıq
elədi: –Ona heç nə demə. Mən tezlikdə qayıdacağam. Oğlu cavab vermədi. Onun heç eyninə də deyildi.
Nayman-Ana başa düşdü ki, dəvə üstdə sürü içindən keçməkdə səhv eləyib.
Amma daha gecdi, əlbəttə, juanjuan ağ dəvə üstdə oturan adamı görə
bilərdi. Gərək otlayan dəvələrin arasıyla gizlənə-gizlənə piyada
keçəydi. Nayman–Ana otlaq yerindən xeyli uzaqlaşandan sonra
qıraqlarını yovşan basmış dərin bir dərəyə girdi. Burada dəvəni dərənin
dibində çöküzdürüb yerə düşdü, daha Ağmayanı qalxmağa qoymadı. Gizlənib
baxmağa başladı. Juanjuan onu görmüşdü. Bir azdan o, dəvəsini yortma
sürə-sürə gəlib çatdı. Nizə və oxla silahlanmışdı. Təhərindən bilinirdi
ki, Juanjuan məəttəl qalıb, ətrafına boylana-boylana qalmışdı-uzaqdan
gördüyü ağ dəvəyə minmiş adam hara yoxa çıxdı? Kəsdirə bilmirdi ki,
dəvəni hara sürsün? Əvvəlcə bir tərəfə surdu, sonra başqa səmtə döndü.
Axırıncı dəfə lap dərənin yanından keçdi. Yaxşı ki, Nayman-Ananın
ağlına gəlib dəvənin ağzını yaylıqla çəkib bağlamışdı. Nə desən ola
bilərdi–bir də gördün dəvə burdan səs verdi. Nayman-Ana yovşanlığın
dalında gizlənib Juanjuanı lap yaxşı görə bilmişdi. O, qilli bir
dəvənin üstdə oturub ətrafina göz gəzdirdi, şişkin sifəti çox gərgindi,
başındakı qara papağının ucları qayıq burnu kimi yuxarı qatlanmışdı,
boynunun ardından bir cüt qara, quru hörük sallanırdı. Juanjuan
üzəngiplaində dikəlib nizəsi hazır vəziyyətdə ətrafa boylanırdı,
gözləri də yaman parıldayırdı. Bu, Sarı-Özəyi tutub xalqın
xeylihissəsini qul eləyən, onun ailəsinə bu qədər bədbəxtlik gətirən
düşmənlərdən biriydi. Ancaq arvad xaylağı boş əllə bu amansız juanjuan
döyüşçüsünə neyləyə bilərdi? Juanjuan bir az da o yan-bu yana səyirdəndən sonra geriyə, sürüyə tərəf qayıtdı. Axşam düşürdü. Gün batsa da hələ göyün şəfəqi çəkilməmişdi. Sonra hava birdən qaraldı. Ətrafi qaranlıq bir gecə bürüdü. Nayman-Ana o gecəni dərdəsər oğlunun olduğu yaxın yerlərdəki çöllükdə keçirdi. Oğlunun yanına qayıtmağa ürək eləmirdi, qorxurdu bayaqkı juanjuan gecəni sürünün yanında qala.
Və o gecə qəti qərara gəldi ki, oğlunu xilas eləsin, çalışıb özüylə
aparsın. Manqurt olsun qoy, heç nə başa düşməsin, təki öz adamları
arasında qalsın. Ana ürəyi belə deyirdi. Başqalarının dözüb barışdığı
vəziyyətə o dözə bilmirdi. O, rəva bilmirdi ki, qanı qanından olan
doğma oğlu qul qalsın. Kim bilir, bəlkə də doğma yerləri görəndən sonra
ağlı öz yerinə gələcək , uşaqlıq illəri yadına düşəcək... Səhəri
Nayman-Ana yenə Ağmayaya süvar oldu. O, yenə də iraqdan-irağa
hərlənə-hərlənə gecə ərzində xeyli aralanmış sürüyə yaxınlaşmağa
başladı. Sürünü görəndən sonra da xeyli fikir verib baxdı ki, görsün
juanjuanlardan orda var , ya yox. Heç kəsin olmadığını yəqin eləyəndən
sonra oğlunu səslədi: –Jolaman! Jolaman! Salam! Oğlu dönüb baxanda ana sevincindən içini çəkdi, ancaq elə o dəqiqə də başa düşdü ki, oğlu elə-belə səsə dönüb. Nayman-Ana yenə də çalışdı ki, oğlunun yaddaşını diriltsin...
–Adını yadına sal, tap gör adın nədir? –deyə yalvarıb onu qandırmaq
istəyirdi. Bilmirsən məgər atan Donenbaydır? Sənin adın manqurt deyil,
Jolamandı1 ... Adını onunçun belə qoymuşuq ki, sən naymanların böyük
köçü vaxtı yolda doğulmusan. Sən anadan olanda biz üç gün köçü saxlayıb
dayandıq. üç gün toy-bayram elədik. Ananın bu dediklərinə manqurt
oğlana tə’sir göstərmədiyinə baxmayaraq, danışığına ara vermir, boş da
olsa, yenə ümid eləyirdi ki, bəlkə bu qaralmış şüurda bir qığılcım
işarə. Nə fayda ki, arvad qıfıllı bir qapını döyəcləyirdi. Ana yenə də
öz dediyini deyirdi: Adını yadına sal! Atanın adı Donenbaydı! Sonra o götürdüyü ehtiyatdan onu yedirib içirtdi, oğlunu doyuzdurandan sonra ona layla deməyə başladı.
Layla onun çox xoşuna gəldi. Arvadın laylası onun ürəyinə yayılırdı.
Xoşluqla qulaq asırdı, onun gündən qaralıb codlanmış, donuq sifətində
nə isə canlı, ilıq bir halət əmələ gəlmışdı. Bunu görən ana onu
inandırmağa çalışdı ki, bu yerləri tərk eləyib, ona qoşulsun, öz
yerlərinə qayıtsın, juanjuanlardan birdəfəlik canını qurtarsın. Manqurt
ağlına vura bilmirdi ki, necə durub getsin, bəs sürü nə olsun? Yox, ağası deyib ki, sürünü gözdən qoymasın... Və yenə də Nayman-Ana pozulmuş yaddaşın o bağlı qapısını təkrar-təkrar döyəcləməyə başladı, dediyini dedi: –Yadına sal kimsən? Adın nədir? Sənin atan Donenbaydır!
Ananın başı elə qarışmışdı ki, axşamın necə düşdüyünü hiss eləməmışdı,
o vaxt ayılıb gördü ki, juanjuan dəvə üstündə sürünün o başına
yaxınlaşır. Bu dəfə o, daha yaxındaydı, dəvəsini də getdikcə daha bərk
qovurdu. Nayman-Ana fürsəti itirməyib tez Ağmayaya mindi və uzaqlaşdı.
Ancaq o biri tərəfdən də bir juanjuan çıxıb onun yolunu kəsmək istədi.
Işi belə görən Nayman-Ana dəvəsini qoparaqlayıb onların arasından
keçdi. Ayaqdan yüngül Ağmaya onu vaxtında aradan çıxartdı, juanjuanlar
dalda qalıb çığıra-bağıra, nizələrini oynadaraq onu qovmağa başladılar.
Ağmayaya çatmaqmı olardı? Ağmaya Sarı-Özəkdə yel kimi qanadlanıb
Nayman-Ananı bu ölüm-dirim qovhaqovundan uzaqlaşdırırdı. Intəhası,
onun xəbəri olmadı ki, əlləri boşa çıxan juanjuanlar ürəklərini
soyutmaq üçün yazıq manqurtu o ki var döydülər. Ancaq ondan nə gözləmək
olardı, elə deyib durudu: –Deyirdi mənim anamdı. –Anan-zadın
deyil! Sənin anan yoxdur! Heç bilirsən niyə gəlib? Bilirsən? Istəyir
ki, papağını çıxardıb başını buğa versin!–Onlar yazıq manqurtun canına
qorxu salmağa çalışırdılar. Manqurt bu sözləri eşidəndə qaralmış
sifəti bomboz oldu. O, boynunu qısıb, papağından bərk-bərk yapışaraq,
tələyə düşmüş heyvan kimi yan-yörəsinə baxmağa başladı. Juanjuan ona
ox-yay verib dedi: –Qorxma! Al bunu! –Nişanla görüm! –deyə
juanjuan papağını göyə atdı. Ox papağı dəlib keçdi.–Gör ha! deyə papaq
sahibi təəccübləndi. Əlinin yaddaşı hələ də qalır! Nayman-Ana
yuvasından hürküdülmüş quş kimi düzdə vurnuxur, özünə yer tapa
bilmirdi. Bilmirdi neyləsin, nə gözləsin. Görərsən, juanjuanlar oğlunu
sürüylə bir yerdə onun əli çatmayacaq öz böyük ordularına yaxın yerlərə
aparacaqlar, yoxsa onu tutmaq üçün pusqu quracaqlar? Beləcə
fikir-xəyalat içində o, halay vurub gizlənə-gizlənə gəzirdi, nəhayat,
pusub görəndə ki, juanjuanlar sürüdən getdilər, çox sevindi. Nayman-Ana
xeyli onların dalınca baxıb görəndən sonra ki, uzaqlaşıb gözdən
itdilər, qərara gəldi qayıtsın yenə oğlunun yanına. Indi onun qəti
fikri oğlunu evə aparmaqdı. Başına nə gəlibsə onun təqsiri deyil,
neyləsin ki, bəxti belə gətirib–düşmənlər onu bu kökə salıblar, nə
olursa olsun anası onu qulluqda qoymayacaq. Qoy naymanlar görsünləlr
ki, yadelli basqınçılar onların igidlərinin ağlını başdan çıxarıb necə
rəzil eləyirlər. Qoy qəzəblənib silaha sarılsınlar. Məsələ torpaqda
deyil, torpaq hamıya bəs eləyər. Məsələ ondadır ki, juanjuanların bu
rəzaləti onlarla heç yad qonşu olmağa da haqq vermir. Nayman-Ana
oğlunun yanına bu fikirlələ qayıdırdı. Elə hey götür-goy eləyirdi ki,
necə onu inandırsın, necə başa salsın ki, bu gecə bir-birinə qoşulub
qaçmalıdırlar. Toran qarışırdı. Gecə azman Sarı-Özək çölləri
üzərinə çökürdü. Ağmaya öz sahibəsini yüngül, sərbəst bir yerişlə böyük
dəvə sürüsünə tərəf aparırdı. Batan günəşin şüaları ananı dəvənin
donqarları arasında çox aşkar işıqlandırırdı. Nayman-Ananın rəngi-ruhu
özündə deyildi, çox ciddi görkəmi vardı. Budur o, sürüyə çatdı, otlayan
heyvanların arasından keçdi, ətrafa göz gəzdirdi, amma oğlunu görə
bilmədi. Onun minik dəvəsi yüklü halda noxtasını sürüyə-sürüyə
otlayırdı. Nayman-Ana oğlunu səsləyib çağırmağa başladı: –Jolaman! Haradasan? Mənəm, ananam! Haradasan?
O, narahatlıqla ətrafa boylana-boylana qaldığı üçün oğlunun dəvə
dalında daldalanıb, dizini yerə verərək oxla onu nişan aldığını
görmürdü. Günəşin şüası ona mane olurdu, fürsət gözləyirdi ki, oxu
buraxsın. –Jolaman! Oğlun!–Nayman-Ana oğlundan nigaran halda onu səsləyirdi. Birdən qanrılıb baxanda onu gördü. Bircə:
–Atma!–deyə bildi, elə Ağmayanı məhmizləmək istəyirdi ki, dönüb oğluyla
üzbəüz gəlsin, yetirmədi–ox vızıltıyla onun sol qoltuğuna sancıldı.
Bu, ölüncül zərbə idi. Nayman-Ana dəvənin boynuna sinib ilişə-ilişə
yıxıldı. Ancaq ananın özündən əvvəl başının yaylığı açılıb düşdü,
havada bir quş olub çığıra-çığıra uçub getdi: Yadına sal kimlərdənsən?
Adın nədir? Sənin atan Donenbaydır! Donenbay! Donenbay! Deyilənə
görə, o vaxtdan Sarı-Özəkdə Donenbay quşu uçur. Donenbay quşu yolçuya
rast gələndə onun yaxınlığında uça-uça səslənir: Yadına sal
kimlərdənsən ! Kimin oğlusan? Adın nədir? Adın? Donenbay, Donenbay!... Sarı-Özəkdə Nayman-Ananın basdırıldığı yerə o vaxtdan Ana-Beyit, yə’ni Ana məskəni Qəbiristanlığı deyərlər. 1 Jolaman–Jol–yol, aman–salamatlıg
|