Süleyman bəy Sulkeviç (belar. Мацей Аляксандравіч Сулькевіч, həmçinin
Məmməd bəy Sulkeviç, rus. Мамед бек Сулькевич; 20 iyul 1865, Kemeyşı,
Lida qəzası, Vilna quberniyası / Voranava rayonu, Qrodno vilayəti,
(Belarus) — 15 iyul 1920, Bakı, Azərbaycan) — Rusiya-Azərbaycan hərbi
xadimi, general-leytenant (1915), krım-tatar dövlət xadimi, Azərbaycan
Xalq Cümhuriyyəti ordusunun Baş Ərkani-hərb (Baş qərargah) rəisi.
Mənşəcə Belarus-Litva Tatarlarındandır.
Həyat və fəaliyyəti
Rus ordusunda
Süleyman
bəy Sulkeviç Voronejdə Mixaylovski kadet korpusunu və Peterburqda
Mixaylovski artilleriya məktəbini bitirmiş, poruçik rütbəsində ikən
1888-ci ıl oktyabrın 3-də Rusiyanın Baş Qərargah Akademiyasına daxil
olmuşdu. Sonradan qərargah zabiti kimi Odessa hərbi dairəsində xidmətini
davam etdirmişdir.
1899-cu
ildə Sulkeviç həm podpolkovnik rütbəsi, həm də Müqəddəs Stanislav
ordeninə layiq görülmüş, Odessa hərbi dairəsi qərargahının baş yavəri
vəzifəsinə təyin olunmuşdu. 1904-1905-ci illər Rusiya-Yaponiya
müharibəsində iştirak etmiş, xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs
Anna və 4-cü dərəcəli Müqəddəs Vladimir ordenləri ilə təltif edilmişdi.
1910-cu
ildə general-mayor rütbəsinə layiq görülərək İrkutsk hərbi dairəsinin
general-kvartirmeysteri vəzifəsinə irəli çəkilmişdi. 1912-ci ildə ona
7-ci ordu korpusunun qərargah rəisi vəzifəsi həvalə olunmuşdu. 1915-ci
il aprelin 26-da Süleyman bəyə növbəti general-leytenant rütbəsi
verilmişdi. I Dünya müharibəsi illərində yaradılmış ilk Müsəlman
korpusunun komandiri olmuşdur.
Krımda
Çar
hakimiyyətinin devrilməsindən sonra, 1918-ci ildə Sulkeviç Krıma gəlir
və 25 iyun 1918-ci ildə burada yaradılan Krım diyar hökumətinin sədri,
daxili və hərbi işlər naziri seçilir. Alman qoşunlarının Krımdan
çəkilməsindən sonra 1918-ci ilin 15 noyabrında hakimiyyəti Solomon Krıma
təhvil verdi.
Azərbaycanda
1919-cu
ilin martında Sulkeviç Azərbaycana gəlir. Həmin vaxtdan o, Azərbaycanda
Məmməd bəy Sulkeviç kimi tanınmışdır. Sulkeviçin 19 mart 1919-cu ildə
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah rəisi təyin edilməsi
ilə Azərbaycanın milli qoşun hissələrinin formalaşdırılması
sürətləndirildi, onların döyüş hazırlığı xeyli təkmilləşdirildi. Onun
rəhbərliyi ilə hissə və birləşmələrdə çavuş məktəbləri yaradıldı, döyüş
hazırlığının proqram və cədvəlləri tərtib edildi, qoşun və agentura
kəşfiyyatı işinin təşkilinə diqqət artırıldı. Bakıdakı ingilis
qüvvələrinin komandanlığı ilə razılaşma əsasında ingilis toplarının
öyrənilməsi üçün 50-80 nəfərlik qrupun yaradılamasına nail olundu. Həmin
qrupda dərsləri ingilis zabitləri aparırdı.
Qoşun
hissələrinin atəş hazırlığının yüksəldilməsi üçün Sulkeviç 1919-cu ilin
mayında Gəncə, Xankəndi, Şəki, Zaqatala, Qusar və Bakı qarnizonlarının
rəisləri qarşısında atəş meydanlarının təchiz olunması məsələsini qoydu.
Atəş hazırlığı üçün metodik göstərişlər və rəhbər sənədlər hazırlandı.
Hərbi məktəblərin zabit və yunkerlərinin geyim forması, ölkədə
səfərbərlik planının hazırlanması istiqamətində görülən işlər də
Sulkeviçin rəhbərliyi ilə həyata keçirilirdi. Denikin təhlükəsi
güclənərkən Bakı müdafiə sisteminin, Bakının dənizdən və qurudan
müdafiəsinin, Abşeronun, Şimal sərhədinin müdafiə sistemlərinin
qurulması da Sulkeviçin gördüyü əhəmiyyətli işlərdəndir. Bakı
limanındakı bəzi ticarət və nəqliyyat gəmilərinin hərbiləşdirilərək,
şəhərin müdafiəsinə cəlb edilməsi ideyası da ona məxsus olmuşdur.
Səfərbərlik
elan ediləcəyi təqdirdə dəmir yolu xətlərinin qorunması haqqında
təlimat, Ermənistanın və Könüllü ordunun Azərbaycana təcavüzünün geniş
miqyas alacağı halda qoşun hissələrinin yerləşdirilməsi, müharibə
başlanarsa, Gəncədə arxa cəbhə komandanlığının yaradılması planları və
digər mühüm sənədlər Sulkeviç tərəfindən hazırlanmışdı.
1920-ci
ilin yanvarında Sulkeviç Qarabağda vəziyyətin sabitləşdirilməsi və
qoşun hissələrinin möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər
həyata keçirərək, erməni-daşnak silahlı dəstələrinin ləğv edilməsi üçün
azərbaycanlı hərbi pilotların Gürcüstan təyyarələrində döyüşə cəlb
edilməsi barədə təkliflər irəli sürmüşdü. 1920-ci il fevralın 17-də öz
xahişi ilə ordu sıralarından tərxis edilən Sulkeviç az sonra Nazirlər
Şurasının qərarı ilə, Bakıdan keçərək, Rusiyaya gedən Könüllü ordu
qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın
sədri təyin olunmuşdu. 1920-ci il Aprel işğalından sonra Sulkeviç
bolşeviklər tərəfindən həbs olunaraq, ölüm cəzasına məhkum edilmiş və 15
iyul 1920-ci ildə Bayıl həbsxanasında güllələnmişdir.
Məmməd Əmin Rəsulzadə öz kitabında Süleyman bəy Sulkeviçin həyatının son dəqiqələri haqqında belə yazır :
"
...Onunla birlikdə olan Mehmet Əli bəy deyirdi: "Generala
çekistlərin arxasınca getməyi əmr etdilər. Biz başa düşdük ki, onun ölüm
anı çatıb. Biz onun gözlərinə baxmağa cürət etmirdik, lazımi söz tapa
bilmirdik. General Sulkeviç özü bizi qabaqladı və sakit, amma inamlı
səslə, heç vaxt yaddan çıxarmayacağım sözləri dedi: "Xoşbəxtəm ki,
müsəlman ordusunun əsgəri kimi ölürəm. Əlvida!"