Şənbə, 2024-04-20, 00:03
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2009 » Dekabr » 13 » AZƏRBAYCAN ƏDƏBİ DİLİ TARİXİNDƏ FÜZULİ
Bookmark and Share
AZƏRBAYCAN ƏDƏBİ DİLİ TARİXİNDƏ FÜZULİ
15:04

Azərbaycan Türkcəsi

Elmdə milli dil və onun davamı kimi milli ədəbi dil anlayışı var. Bu anlayış avropaşünas­lıqdan gəlir. Elmi semantikadan çox Avropa mərkəzçiliyi (avrosentrizm) ilə bağlıdır. Bu doktrinaya görə, millət və təbii ki, onunla bağlı törəmələr (milli ədəbi dil, milli dil) kapita­lizmlə bağlıdır. Həmin düşüncəyə görə, kapitalizm dünya tarixi üçün yeni mədəni, elmi səviyyə yaradır və müasir yüksək tərəqqinin başlanğıcı və hərəkətverici, siyasi-ictimai təşkilatçısı kapitalizmdir. Deyirlər ki, xalq ictimai kollektiv olaraq millət həddinə çatan­da ən yüksək inkişaf səviyyəsinə qovuşmuş olur. Həmin mövqedən, deməli: Avropa öl­kələrinin xalqları, millət məzmunu kəsb edərək, müasir dünyanın ən mədəni cəmiyyətləri­ni təşkil ediblər.

Bilindiyi kimi, Şərqin və Qərbin yaşadığı tarixi-coğrafi, siyasi, hərbi, mədəni şəraitlər müxtəlif olmuşdur və təbii ki, xalq və millət anlayışlarını da bu iki mədəniyyət coğrafiya­sı üçün eyni kontekstdə dəyərləndirmək gerçək məntiq deyil. Avropalıların millətin aya­ğına yazdıqları atributları biz Şərqdə, Türk Dünyasında və onun tərkib hissəsi kimi Azər­baycanda xalq kimi işlənmiş terminin içində görürük. Məsələn, Nəsimidə, hətta "Dədə Qorqud kitabı"nda, birində bir qədər çox, birində nisbətən az Azərbaycan milli ədəbi di­linin əlamətləri ilə rastlaşırıq. Milli dil, müasir dilçilik anlayışı ilə, millətin işlətdiyi ünsiyyət vasitəsidir. Bugünkü Azərbaycan dilinin əsas lüğət fondu tamamilə və qrammatik qurulu­şu ümumən həmin mənbələrdə (DQK-da və Nəsimidə) görünür. Bu milli dil Nəsimidən əvvəl formalaşmağa başlayıb, onda xüsusi kütlə və semantik güc kəsb etmiş və yolunu davam etdirmişdir. Ölkələrini milli dillərin ilk vətəni sayan avropalılarda da bu milliliyin formalaşmasının əsrlərlə davam etdiyi göstərilir. Məsələn, mütəxəssislərin fikrincə, al­man milli dilinin formalaşması XIV-XIX əsrlər arasında baş verir1. "İlk kapitalist milləti italyanlarda" (K.Marks) həmin proses daha uzun çəkmişdir (XIII-XIX)2. Azərbaycan dili tarixində həmin proses xalq dilinin içində getmişdir. Yəni, bizdə xalq dilinin müəyyən­ləşməsi milli dilin formalaşması deməkdir. Əlimizdə olan ilk yazılı abidəmiz "Dədə Qor­qud kitabı"nın VII əsrə aid olduğunu nəzərə alanda Azərbaycan dili tarixində həmin inki­şaf daha artıq davam etmişdir - M.Füzulidə başa çatmışdır. Bu işdə obyektiv və sub­yektiv faktorlar bir-birini tamamlayır.

VII əsrdən gələn ilk yazılı abidəmizin dilində Azərbaycan xalqının dilini (yəni, millətin dili­ni, milli dilini) əsas lüğət fondu və qrammatik quruluşu ilə görürük: Qoşa badam sığma­yan dar ağızlum, Qurulu yaya bənzər çatma qaşlum, Güz almasına bənzər al yanaqlum; Bir gün Qamğan oğli xan Bayındır yeründən durmışdi. Şamı günlügi yer yüzinə dikdir­mişdi. Ala seyvanı gög yüzinə aşanmışdi. Bin yerdə ipək xalçası döşənmişdi. Bu, min üç yüz il bundan əvvəlki dilimizin bugünkü dilimizlə səsləşməsidir. Heç bir Avropa milli dili­nin başlanğıcı bugünkü şəkli ilə bu qədər səsləşmir. Bu, Azərbaycan türkcəsinin altı əsr ondan ("Dədə Qorqud kitabı"ndan) sonrakı XIII əsr nümunəsi: Şəha, şirin sözin qılur Misirdə bir zaman kasid; Başumdan getmədi hərgiz sənünlən içtigüm badə; Necəsin, gəl, ey yüzi ağum bənüm. Sən əritdün odlara yağum bənüm... Hüsn içündə sana ma­nənd olmaya, Əsli yuca, könli alçağum bənüm (İ.Həsənoğlu). Bu, XIV əsr: Haqqa şü­kür, qoçlarun dövranıdur, Cümlə aləm bu dəmün heyranıdur, Gün batardan gün doğan yerə dəkün Eşq ərinün bir nəfəs seyranıdur (Q.Bürhanəddin). Bu da XV əsr: Dodağun qənd imiş, bal anda neylər, Nə nazik xətt imiş, xal anda neylər; Çoq dualar qılmışam mən xaliqün dərgahinə, Çün muradım hasil olmaz, mən duanı neylərəm (İ.Nəsimi). Milli deyilən dil kimi XIII-XIV əsrlərdən XIX-ya kimi inkişaf yolu keçən Avropa dillərindən heç birində əsrlər arasında bir-biri ilə bu qədər səsləşmə, bir-birinə bu qədər yaxınlıq yoxdur. Bu, dilimizin keçmişindən müxtəlif əsrlərə aid misallardır. Bu yazılı nümunələr ədəbi dil faktı olmaq etibarilə, şübhəsiz, yaşayan, var olan xalq dilinin üstündə durur, bu­rada Türküstan türkcəsi deyil, cağatay örnəkləri deyil, göründüyü kimi, məhz Azərbay­can türkcəsi işlənmişdir. Yəni, xalqımızın dili bu örnəklərdə Avropada "millətin dili" deyi­lən dil səviyyəsindədir. Deməli, Avropa dilçiliyinin "milli ədəbi dil" saydığı dil olmağa dili­miz neçə əsr əvvəldən hazır olmuşdur. Ancaq Azərbaycan xalqının mövcud dilinin "milli ədəbi dil" kimi çıxış etməsi üçün siyasi, mədəni, tarixi-ictimai şərait müəyyənləşməyib­miş. Bu şərait Azərbaycan tarixinin XVI əsrində baş verir. Bu zaman obyektiv tarixi şə­rait yetişir, mərkəzləşmiş Azərbaycan dövləti yaranır, bu dövrdə həm də subyektiv fak­tor meydana çıxır - mədəniyyətimizin tarixinə Füzuli dühası gəlir.

Folklor şeirinin dili, xalq şeiri janrlarının dili o şeirlərin yarandığı dövrədək olmuş xalq di­linin özüdür. Bu mənada, Qurbaninin sənət dili XVI əsrdə Azərbaycan xalqının danışdı­ğı türkcəmizdir. Heca vəzni türkcənin doğma vəzni olduğu üçün sənətkarların yaratdığı, müəyyən tələblər, ölçülər üzrə qurduğu, hətta xalq dilinə girməmiş, yabançı sözlərdən təşkil etdiyi yazılı dil deyil, məhz cəmiyyətin işlətdiyi ünsiyyət dilinə əsaslanır. Qurbaninin bu dili XVI əsrin Azərbaycan türkcəsinin eynidir: Mürşidi-kamilim, Şeyx oğli şahim, Bir ərzüm var qulluğına, şah, mənüm. Əziz başun içün, oxu yazğumi, Agah ol halumdan gah­bagah mənüm1. Bu da heca vəzni olduğu üçün təbii xalq dilinin göstəricisidir: Könil, nə gəzürsən, seyran yeründə, Aləmdə hər şeyün var olmayunca, Olura, olmaza dost de­yüb gəzmə, Bir əhdünə bütün yar olmayunca (Xətai) 2.

Eyni xəlqi lüğət tərkibini və formalaşmış milli qrammatikanı əruz vəznində də görürük: Qızıl gül, bağü bustanum, nə dersən, Fəda olsın sana canum, nə dersən; Ahu quzı doy­durub uyutdi, Oğurlanub özi ota getdi (Xətai); Neyçün özinə ziyan edirsən, Yaxşı adıni yaman edirsən? Neyçün sana tənə edə bədgu, Namusına layiq işmidür bu? Lalə kibi səndə lütf çoqdır, Əmma nə deyim, yüzin açuqdır. Qızsan, ucuz olma, qədrinü bil. Hər surətə əks kibi baqma, Hər gördüginə su kibi aqma (Füzuli).

Misallar göstərir ki, Nəsiminin və nəsimiyəqədərki dilin lügət və qrammatikası XVI əsr­dəki milli dildən (millətin dilindən) xüsusi seçilmir. Ümumxalq dilinin (milli dilin) formalaş­ması üçün mərkəzləşmiş dövlətin yaranması vacib amildir. Elmi ədəbiyyatda göstərildiyi kimi, Avropada milli dillərin yaranmasını kapitalizm təmin edirsə, Şərqdə bu işi mərkəz­ləşmiş dövlət icra edir1. Kapitalizm feodal pərakəndəliyinə son qoyub ölkəni vahid ba­zara bağlayır. Eyni işi mərkəzləşmiş dövlət yerinə yetirir. Mərkəzləşmiş dövlətin yaran­ması yolunda XV-XVI əsrlərdə aparılan cəhdlər XVI əsrdə səfəvilər zamanında başa çatır. Bu böyük ideyanın dahi müəllifi, tariximizin cahanşümul sərkərdəsi Şah İsmayıl Xətayi bu işi belə təsəvvür edirdi:


Şirvan xəlayiqi qamu Təbrizə daşına,

Mülki-Əcəm sorar ki: qıyamət xaçan qopar.


Ölkənin müxtəlif bölgələrindən, şimalından və cənubundan, şərqindən və qərbindən bö­yük tacirləri cəlb edən Təbriz və Şamaxı bazarları Azərbaycanın iqtisadi birləşməsində mühüm rol oynadı. Bu iqtisadi əlaqələnmədə Azərbaycan türkcəsi, yəni dil faktoru ən effektli təşkiledici kimi çıxış edir. Bu mənzərə bugünkü insanlar üçün qəribə görünə bi­lər ki, bazarın, iqtisadi birliyin, ticarətdə qazanc götürməyin dilə nə dəxli var. Ancaq XIII əsr lüğətinin müəllifi İbn Mühənna görün nə yazır: "...bu təəssüf doğuran hadisə ilə rastlaşmışam ki, adamlar dilin öyrənilməsini özləri üçün əbəs sayıblar. Halbuki səyahət və gəzintilərində bundan istifadə edə bilərlər, eləcə də elmi məsələlərin tədqiqində, tica­rətdə fayda qazanmaq və ya ziyandan qaçmaq üçün, yaxud bir işdə ustalığına, sənətkar­lığına görə haqq almaq istəyi ilə. ...öz müasirlərinin qarşısında üstünlük əldə etmək üçün dil biliyi onların gərəyi olardı"2. Söhbət insanların bir-birini anlamasından, müxtəlif dil sa­hiblərinin ünsiyyət anlaşmasından gedir. Və beləliklə, bu iqtisadi, siyasi, mədəni şəraitdə Azərbaycan türkcəsi dövlət dilinə çevrilir, dövlətin ərazisindəki hər kəs bu dili bilir, onunla ünsiyyət saxlayır. Ölkədəki bütün etnik qruplar iqtisadi birlik şəraitində vahid dil­də ünsiyyətin vacibliyini dərk edir və dövlət dili ölkənin ümumi ünsiyyət vasitəsi olur. Dövlət sistemindəki hakim qüvvələrin, əyanların, saray yaxınlarının, eləcə də kübar ailə­lərinin zövqü və mənafeyi ərəb və fars dillərini tamam təcrid etməyə imkan vermirdi. Be­lə bir antidemokratik mühitdə nəqd iqtisadi qazancların gücünə arxalanaraq Azərbay­can türkcəsi ümumi ünsiyyət vasitəsi olaraq dövlət dili hegemoniyasını qazandı. Ümu­münsiyyət vasitəsinin zəruriliyində bir siyasi məqsədin də az rolu olmadı. Məsələn, şiyə­lik təbliğatı ilə geniş xalq kütləsi hökumətin ətrafında birləşdirildi. Xətainin bu təbliği mis­ralarını yada salmaq yetər: Rəhbərsiz heç yol bulunmaz...; Mürşidün nəfəsi həqq nəfəsi­dür, Mürşidün nəfəsi həqq rizasıdur, Rəhbərün əmrində olmayan canlar Yüzi dönmüş cəhənnəmə sürilür və s. Bütün bunlar ümumi ünsiyyət dilinin "ədəbiyyatda möhkəmlən­məsini" (V.Lenin) təmin etdi. Beləliklə, Azərbaycan türkcəsinin ölkədə ümumiünsiyyət vasitəsi kimi müəyyənləşməsi, ümumi xalq dilinin (milli dilin) varlığı və bu dilin "ədəbiy­yatda möhkəmlənmə" haqqı qazanması Azərbaycan milli ədəbi dilinin yaranması üçün şəraitin hazır olması demək idi.

Bir halda ki, milli ədəbi dilin formalaşmasından söhbət gedir, onda nəzəri ədəbiyyatdan gələn koyne faktoruna diqqət yetirmək lazımdır. Əvvələn, nəzəri ədəbiyyatda Avropa dilləri üçün müşahidə olunmuş koyne xüsusiyyətləri Şərqdə, məsələn, Azərbaycan türk­cəsinin təcrübəsində özünü doğrultmur. Yəni, həmin dövrdə Azərbaycanın iki mədəniy­yət mərkəzi vardı: Təbriz və Şamaxı. Həm Təbriz, həm də Şamaxı bazarı ölkənin iqtisa­di əlaqəsi və inkişafı üçün eyni dərəcədə əhəmiyyət kəsb edirdi. O da var ki, prinsipcə Təbriz və Şamaxı dialektləri arasında bir-birini rədd edən əlamətlər yox idi. Məsələn, milli deyilən dil normasının formalaşdığı XVI əsrdə və XX əsrin 20-ci illərində latın əlif­basına keçənə qədər bütün fəaliyyəti dövründə yazıda özünü göstərən və ədəbi dil nor­masında ümumiliyi ilə diqqəti çəkən ahəng təzahürü - dodaq-damaq ahənglərinin pozul­ması, indiki "y" yerində "g”, "j” müqabilində işlənməsi və sair xüsusiyyətlər hər iki dia­lektdə eyni idi. Başqa dillərin tarixində analoji hadisənin şahidi oluruq. Məsələn, Rusiya­da paytaxtın Moskvadan Peterburqa köçməsi ilə bağlı baş verən dil prosesi belə təsvir olunur: "XVIII əsrin əvvəlində paytaxtın Peterburqa köçməsi rus ədəbi dilinin ümumi keyfiyyətinə əsaslı təsir göstərə bilməzdi. Yeni, paytaxtda müxtəlif dialektli əhali vardı. Bunlar üçün hər halda ilk vaxtlarda Moskvada formalaşmış tələffüz vərdişləri və norma­ları örnək kimi saxlanırdı"1. Bu mənada mərkəzləşmiş Azərbaycan dövlətinə paytaxtın Təbriz, ya Şamaxı olmasının fərqi yox idi. Hətta, bu iki dialekt bu baxımdan da uyğun idi ki, ədəbi dilimizin tarixi üçün çox səciyyəvi morfonoloji fakt olan "n” (sağır "n”) onla­rın heç birində yoxdur.

Doğrudur, Azərbaycan ədəbi dilinin tarixi fonetik-orfoqrafik cəhətdən ən çox Təbriz və Şirvan (Şamaxı) dialektlərini yada salır. Ancaq müxtəlif nitq sahələrinə aid faktlara, mor­foloji əlamətlərə, xüsusilə leksik-frazeoloji materiala görə bu dialektlərlə məhdudlaşmır. Dünya ədəbi dillərinin tədqiqinə aid ədəbiyyatlar göstərir ki, milli dillərin yaranmasına qədər müxtəlif xalqlarda ünsiyyət faktı kimi dialektlərin sintezindən ibarət bir nitq forma­sı işlənmişdir2.

Azərbaycan dilinin tarixi təsdiqləyir ki, milliyəqədərki dövrdə mükəmməl ümumxalq da­nışıq dilinin varlığı dialektlərin sintezinin nəticəsi və yekunudur. Dialekt sintezi "Dədə Qorqud kitabı"nda çox aydın şəkildə görünür. Dialektfövqü fakt kimi meydana çıxan şi­fahi xalq ədəbiyyatının folklor şeirinin dili də həmin dialekt sintezinin nəticəsidir. Bunu yazılı abidələrin dili də əks etdirir. Mərkəzləşmiş Azərbaycan dövlətinin yarandığı dövr­də ölkənin mədəniyyət mərkəzinin (əslində: mərkəzlərinin) mövcud dialekt (koyne) xü­susiyyətləri əlimizdə yazı nümunələri olan bütün dövrlərdə özünü göstərir: ən qədim "Də­də Qorqud kitabı"mızda da, Həsənoğlu (XIII əsr), Q.Bürhanəddin (XIV əsr) və Nəsi­midə də (XIV-XV əsrlər). Deməli, Təbriz (və Şirvan) dialekti və üstəgəl "n”-li (sağır nunlu) hansısa bir dialekt.

Məsələnin başqa tərəfi də var: ahəng qanununun Təbriz və Şirvan dialektlərindəki tipdə pozulması Orxon-Yenisey abidələrinin dilində də baş verir, hələ üstəgəl bu dildə sağır nunun ilkin məxrəci - "nq” afrikatı da işlənir. Deməli: 1. Azərbaycanda mərkəzləşmiş dövlətin yaranması zamanı ədəbi dildə müşahidə etdiyimiz fono-morfoloji və orfoqrafik norma ola bilər ki, çox qədim bir koynenin ənənəsi olmuşdur - həmin koynedə ya pozul­muş ahənglə sağır nun yanaşı işlənmişdir, ya da ahəngsiz dialektlə sağır nunlu dialekt bir­ləşmişdir. 2. Ola bilər ki, qədim türk imperiyasının ədəbi dil nümunəsi olan Orxon-Yeni­sey dil norması Turan dünyasının bütün ölkələri kimi Azərbaycanda da işlənmiş və tədri­cən yerli türk xalq danışıq dilinə təmas etmişdir.

Milli dilin tarixinin bu qədər uzağa getməsi nəzəri qanunauyğunluq çərçivəsindədir. Rus və Avropa dilçiliyində Şərq dillərindən danışarkən "əski dil" (starıy yazık) və "yeni dil" (novıy yazık) terminləri işlənir. Bu halda "əski dil" və "yeni dil" dilin inkişafında iki mərhələ kimi götürülür. Və "yeni dil" bir çox hallarda X-XI əsrlərdən başlayır, deyək ki, həmin dövrdəncə bu dillər yazıda əks olunur. "Əski yazılı" dillər kimi təqdim olunan bu ədəbi dillərin müasir qrammatik quruluş və əsas lüğət fondu ilə on əsrlik yolu Avro­pada milli adlandırılan dillərin yoludur1. Ərəb, İran dilləri, bir çox türk dilləri, o cümlə­dən VII əsrdən yazılı abidəsi ("Dədə Qorqud kitabı") gəlmiş Azərbaycan türkcəsi belə uzun tarixi inkişaf yolu keçmişdir. Beləliklə, müəyyənləşmiş xalq dili əsasında doqquz əsrlik yazı yolu keçmiş Azərbaycan türkcəsini hazır olan tarixi-siyasi, iqtisadi və mədəni şəraitdə M.Füzuli milli ədəbi dil kimi gerçəkləşdirdi. Dilçilikdəki məlum qəliblə desək: M.Füzuli Azərbaycan milli ədəbi dilinin banisidir. Bu o deməkdir ki, M.Füzuli dilinin qrammatik quruluşu və əsas lüğət fondu Azərbaycan-türk millətinin (bu, eynən Azərbay­can xalqı deməkdir) dilinin əsasıdır və müasir milli Azərbaycan ədəbi dilinə uyğundur.

Bu halda Füzuli dilinin müasir azərbaycanlılara nə dərəcədə aydın olub-olmaması meyar deyil. Əsas odur ki, bu gün dilimizdə mövcud olan elə sözdəyişdirici (qrammatik) şəkil­çi yoxdur ki, Füzulidə olmamış olsun; bugünkü söz birləşməsi növləri - təyini söz birləş­mələri, feli sifət, feli bağlama, məsdər tərkibləri, sadə və mürəkkəb cümlə tipləri onun di­lində var. Füzuli dilindəki frazeoloji birləşmələrin, atalar sözləri və məsəllərin hamısı müa­sir Azərbaycan dilində yaşayır və işlənir. Eləcə də məhz bu əsasdır ki, Füzuli dövrü Azərbaycan dilinin əsas lüğət fondu bu gün qalır. Fərq lüğət tərkibindədir. Lüğət tərkibi baxımından tarixi, siyasi, mədəni şəraitlə bağlı olaraq hər əsr özündən əvvəlkindən fərq­lənir (bu, təbiidir və bütün dünya dillərinə aiddir). Deyək ki, Füzulinin dili, məsələn, Xə­tainin, Saib və Qövsi Təbrizilərin dili ilə müqayisədə bugünkü dilimizdən daha çox fərq­lənirsə, bu, Füzulinin söz tutumunun onlarınkından qat-qat çox olması ilə bağlıdır. Bu da təbiidir: Füzuli janr və forma əlvanlığı, üslub zənginliyi ilə çox yüksəkdə durur. İş budur ki, bu gün müasir Azərbaycan türkcəsində ünsiyyətdə qalan, işlənən elə ərəb, fars sözlə­ri yoxdur ki, bunlar Füzuli dilində işlənməmiş olsun. Bu sözlər minlərlədir. Deməli, bu minlərlə söz Füzulidə və müasir dildə müştərəkdir.

Bəkir Çobanzadə I Türkoloji qurultaydakı məruzəsində deyirdi ki, bu gün, çuvaş və ya­qutları çıxmaqla, başqa türk xalqlarının bir-birini başa düşməsində ərəb, fars sözlərinin onların dilində müştərəkliyi mühüm rol oynayır (Stenoqramma...s. 191). Yəni, həmin alınma sözlər bu gün müxtəlif türkcələrin də, o vaxtkı Füzuli dövrü türkcəmizlə bugünkü­nün də körpüsüdür. Və, deməli, həmin əcnəbi lüğət XVI əsrdə xalqın canlı ünsiyyətində işlənirmiş. Eyni zamanda, Füzuli dilində işlənmiş minlərlə əcnəbi söz bu gün həm Azər­baycan ədəbi dili, həm də xalq dili üçün qeyri-işləkdir və müasir oxucu kütləsi üçün an­laşılmazdır. Hesab etmək olar ki, həmin lüğətin müəyyən qismi öz zamanında da geniş oxucu kütləsi üçün, bütöv xalq üçün anlaşılmaz olmuşdur. Bunun iki səbəbi olmalıdır. Bi­ri: Füzulinin dili yüksək intellekt dilidir. Bu dil, bir tərəfdən, "xəlqə ağzın sirrini" açır, "hər məhvilin", yəni, xalq şənliklərinin, müğənnilərin çıxış etdikləri məclislərin zinətidir, eyni za­manda, qəzəl "xirədməndlər (alimlər) sənətidir", yəni, bu halda o, bir qrupun anlaşması­na yönəlir. Buna görədir ki, şairin çox qəzəllərinin dili geniş dairədə anlaşıldığı halda, bə­zilərinin dilində kütləvi anlaşılmayan ərəb sözləri çoxdur. Hətta bilindiyi kimi, şeirlərində bütöv misralar, beytlər ərəbcə, ya farsca, yaxud anadilli "Divan"ında bütöv qəzəllər ərəb dilində söylənir - bu nümunələr həmin "xirədməndlər" üçün nəzərdə tutulur. Və, ümumiyyətlə, dilində ərəb, fars sözlərinin çoxluğu dövrün saray əyanlarının, kübar ailələ­rinin, tacirlərinin zövqü ilə bağlı idi (yadımıza salaq ki, hətta Molla Pənahda hansı konk­ret şəxsə ünvanlanması ilə əlaqədar bəzi qoşmalarının dili vərdiş olunmamış ərəb-fars kəlmələri və tərkibləri ilə işlənir).

 Başqa səbəb: Füzulidə janr, forma, üslub müxtəlifliyi var və bu formaların tarixi dil stan­dartları olmuşdur. Füzulinin nəsr nümunələri var. Bu dil çətinliyinə görə şeirinin dilindən əsaslı dərəcədə fərqlənir. Bu dildə "xəlqə ağzın sirrini hər dəm izhar" etməyən sözlər çox işləkdir. Nəsrin özü də dilinin anlaşılmama dərəcəsinə görə yekcins deyil. "Divan"ı­nın və "Leyli-Məcnun"unun "Dibaçə"ləri həyatda, ünsiyyətdə işlənməyən dildir. Bu an­caq kitabda, yazıda mövcuddur. Onu hətta ərəbcə, farscaya bələd olan hər ziyalı anla­maz. Bu nəsrin dilini yalnız mükəmməl ərəb təhsili görmüş elm adamları başa düşə bilər­lər. "Hədisi-ərbəin" tərcüməsinə nəsrlə yazılmış "Müqəddimə" də, "Şikayətnamə"nin gi­riş hissəsi də həmin üslublu dildir.

Bədii nəsrinin dilində vəziyyət nisbətən asanlığa dəyişir, folklor-danışıq əsaslı nəsr dilinə yaxınlaşır. "Hədiqətüs-süəda"nın dili həmin üslubdadır. Burada rəvayətdir ki, nəqldir ki, mücmələn, əlqissə, əlhasil, əl-aqibət kimi dastan, nağıl ifadələri var (adi danışıqda xüla­sə, nəhayət, nağılda, dastanda əlqissə, əlhasil, əl-aqibət ifadələri ilə müqayisə edin). Fü­zuli nəsrində xüsusi "Şikayətnamə" dili var. Bu, sinkretik mətn dilidir: nəsr və şeir, müəl­lif dili və dialoq, ərəbcə ifadə və cümlələr. Buradakı dialoq dili kütləvi ünsiyyət dilinə çox yaxındır*.

Şairin yaradıcılığında epistolyar üslubun (məhz epistolyar üslub!) tipik nümunələri var: "Qazi Əlaəddinə məktub", "Əhməd bəyə məktub", "Bəyazid Çələbiyə məktub". Mək­tublarda nəsrlə yanaşı, nəzm də işlənir. Məktublarındakı nəsr dili anlaşma dərəcəsinə görə bədii nəsrinin dilinə uyğundur. "Bəyazid Çələbiyə məktub" ərəbcə iki nəsr parçası və üç beyt farsca şeirlə başlayır və maraqlıdır ki, məktubda sonra gələn şeir nümunələri­nin hamısı farscadır. O da diqqəti çəkir ki, bu məktubun nəsr dilində osmanlı sözləri və cağatay şəkilçiləri (-dın çıxışlıq hal şəkilçisi) işlənmişdir. Füzulinin epistolyar dili ayrıca üslub kimi diqqəti çəkir. Sonralar məktublarda üslub faktı kimi ənənəvi davam edəcək məxsusi əvvəl və axır bu nümunələrdə özünü göstərir. Füzulinin mənzum yaradıcılığı da formaca çox müxtəlifdir: qəzəl, rübai, qitə, məsnəvi, tərkibbənd, tərcibənd, mürəbbe, müxəmməs, alleqoriya, müəmmalar. Bu formalardan hər birinin özünə məxsus ifadələri və ifa tərzi var. Həmin ifadə materialı və ifadə tərzləri üslub məxsusiliyinə qədər fərqlər verir. Füzuli mükəmməl tərcümələrin müəllifidir ki, bunların da özünəməxsus dil xüsusiy­yətləri görünür.

Bir sözlə, Füzuli üslubi differensiasiya anlayışını yaratdı və Azərbaycan ədəbi dilini lek­sik və qrammatik baxımdan bütün üslubi imkanlarla təmin etdi - müvafiq mədəni şərait istənilən funksional üslubu işə sala bilərdi. Yəni, Avropa elmində milli ədəbi dil deyilən səviyyəni Azərbaycan türkcəsi üçün Füzuli hazırladı.

İndiyə qədər dilçiliyimizdə bu fikir söylənməyib. Füzuli dilinin türkcəmizin əsas lüğət fon­duna maksimum yaxınlığına diqqət yetirmək əvəzinə əbədi dilin lüğət tərkibində arxaik­ləşmiş anlaşılmaz ərəb, fars sözlərinə fikir vermişlər. Füzuli dilində müasir türkcəmizin qrammatik quruluşunun, xüsusilə sintaksisin sabitləşmiş olmasını görməkdənsə, onun di­lindəki ərəb, fars izafətlərini önə çəkmişlər. Adətən türkcəmizin milli ədəbi dil səviyyəsi­ni Molla Pənah Vaqiflə bağlayırlar. Ancaq Vaqifin lüğəti elə həcmdə deyil ki, ona əsas­lanıb "milli dili" qəbul edəsən və onun dili milli ədəbi dilin bünövrəsi olsun. Molla Pəna­hın 4500 söz ehiyatı var, Füzulininki 20 mindən artıqdır.

Deyilir ki, A.S.Puşkin rus milli ədəbi dilinin banisidir1. Təbii ki, şair olmaq etibarilə o, milli ədəbi dilin ancaq bədii üslubunu hazırlamışdır. V.V.Vinoqradov yazır ki, hələ Puş­kin zamanında abstrakt-fəlsəfi üslub, elmi və publisist üslublar yox idi - bu üslublar bir neçə onillik sonra, V.Belinskidən, A.Gertsendən sonra formalaşır2. Deməli, rus milli ədəbi dilinin funksional bütövlüyü (üslubların çoxvalentliliyi) milli ədəbi dilin yaranmasın­dan sonra baş verir. Bəs bu halda niyə Puşkin rus milli ədəbi dilinin banisi sayılır? Çünki "Puşkinin yaradıcılığında rus ədəbi və şifahi ifadələrinin ədəbi normaları aydın şəkildə müəyyənləşmişdi və müasir rus dilinin quruluşu əsas qatlar üzrə formalaşmışdı"3. Bu mə­nada müasir Azərbaycan türkcəsinin quruluşu Füzuli dilində daha əhatəli şəkildə əks olunmuşdur.

Milli ədəbi dillərin müxtəlif quruluş qatlarının formalaşma ardıcıllığında eyniyyət yoxdur. Məsələn, ingilis və alman milli ədəbi dillərində ən axırıncı sintaksis formalaşır1. Azərbay­can milli ədəbi dilinin sintaksisi M.Füzulidə müəyyənləşir. Deməli, bu proses ədəbi dilin lüğət tərkibi ilə eyni vaxtda başa çatır. Azərbaycan milli ədəbi dilinin Füzuli sintaksisi tam Azərbaycan türkcəsidir, morfologiyası daha çox oğuzcadır. Buna görə də Füzuli di­linin morfologiyasında Türkiyə türkcəsi faktları xeyli yer tutur. Halbuki Füzuli sintaksisi müasir Türkiyə türkcəsi ilə üst-üstə düşmür. Yazıdakı vəziyyətindən çıxış etsək, ədəbi dilin fonetikasında Azərbaycan xalq türkcəsinin əks olunması lüğət və sintaksisdən son­ra baş vermiş görünür. Ancaq nəzərə alınmalıdır ki, Azərbaycan milli ədəbi dilində fone­tik normanın nisbətən ləngiməsi canlı Azərbaycan xalq dili ilə yox, əlifba-imla mühafizə­karlığı ilə bağlıdır - bir növ subyektiv faktordur, real tarixilik deyil (ingiliscə "ana" sözü­nün tarixən yazıldığı "mother” imlasını saxlayaraq, "mazə” tələffüz edildiyini yada salın; yəni, tələffüz dəyişir, imla öz tarixiliyini qoruyur).

Beləliklə, Puşkinin XIX əsrin birinci yarısında rus dilində gördüyü işi Füzuli Azərbaycan türkcəsinin tarixində XVI əsrin birinci yarısında görür. Eyni zamanda, Dantenin italyan milli ədəbi dilinin tarixindəki2 rolunu Azərbaycanda Füzuli yerinə yetirmişdir.

Onsuz da türk dili ənənəvi olaraq Şərq və Qərb ədəbi türkcələri kimi fəaliyyət göstərdi­yi üçün Azərbaycan ədəbi dilinin öz muxtariyyəti vardı. XII-XIII əsrlərdən Orxon və "Qutadğu bilig" ədəbi normaları artıq Azərbaycanda anlaşılmırdı, sadəcə, Şərq-Qərb türk ideologiyası ilə yaşayan müəyyən qrup savadlılarla məhdudlaşırdı.

Coğrafi yaxınlıq səbəbi ilə Türküstan türkcəsindən səlcuqların oğuzcasının içində Qərbə gəlmiş Şərq türkcəsinin elementləri XIII əsrdə artıq arxaikləşmişdi. Cingizilərin monqol yürüşləri ilə Şərq türkcəsi yenidən dirçəlmək şansı qazanırdı. Buna görə də XIII-XIV əsrlərdə xeyli lüğət əsərləri yarandı. Ancaq təbii ki, müxtəlif coğrafiyaların əhalisinə lu­ğət kitablarının vasitəsilə dil öyrətmək reallığa çevrilə bilməzdi. Bu ikinci dalğa, Çingizilə­rin gəlişi ancaq onunla nəticələndi ki, Azərbaycan ədəbi dilində Şərq türkcəsi adına məhdud dairədə cağatay elementləri işləndi. Buna XIV-XV əsrlərdə epizodik şəkildə Nəsimi və Kişvəridə rast gəlirik. Cağataizmlərin Kişvəridə nisbətən fəallığı Azərbaycan ədəbi dil normasından gəlməyib, Kişvərinin şəxsən özbək yazı dilinə (cağataycaya) bə­lədliyi ilə, Nəvaiyə yaxınlığı, özünü Nəvai məktəbinin nümayəndəsi sayması ilə bağlıdır. Xətaidə tək-tək cağataizmin işlənməsi onun türkcələrə türk imperatoru olmaq gözü ilə baxmasından gəlir. Xətai həm də hökmdar olmaq etibarilə özünü intellektli hökmdar, Türk Dünyası ədəbiyyatlarına bələd şəxs kimi göstərmək istəyirdi - təbii ki, bu halda XVI əsrə qədərki türkdilli ədəbiyyatın ən böyük şəxsiyyəti Əlişir Nəvaini tanıdığını, onun sənət dilini bildiyini göstərməli idi. M.Füzuli öz şah əsəri "Leyli və Məcnun"da Ə.­Nəvaini özünə müəllim saydığını bildirir. Deməli, Füzuli özünəqədərki ən mükəmməl türkdilli "Leyli-Məcnun" kimi Nəvainin əsərini lazımınca öyrənmiş və bilmişdir. Ancaq Füzulinin "Leyli və Məcnun"unda bir dənə də olsun, cağatay dili elementi yoxdur. Öz­bək şairinin şeirinə yazdığı nəzirədə ("İməs" rədifli qəzəli yadınıza salın) Füzuli cağa­taizm işlətmişdir ki, bu da nəzirə poetikasının dönməz qanunudur. Füzulinin dili bilavasi­tə Qərb türkcəsi, məhz Azərbaycan türkcəsidir.

Beləliklə, Qərb türkcəsində Türküstan türkcəsinin geri çəkilməsi, arxaikləşməsi ilə Azər­baycan ədəbi dilində (eləcə də Osmanlı dili kimi tanınan Türkiyə yazı dilində) ərəb, fars sözləri meydan sulamağa başlayır, böyük kütləyə çevrilir. Bu işdə onun da mütləq bö­yük rolu var ki, türk ədəbiyyatlarında, o cümlədən Azərbaycanda yazılı poeziya faktı ki­mi əruz şeiri hakim mövqe tutur. Füzuli dilində ərəb və fars sözlərinin üstünlüyü bununla çox şərtlənir.

Eyni zamanda Füzulinin qarşısında bu beş yüz illik ərəb-farsdilli poeziya ilə və ərəb, fars sözləri ilə dolu türkdilli əruz poeziyası ilə yanaşı bu da vardır: bayatılar, gəraylılar, varsa­ğılar, qulağının dibindəki Kərkük maniləri, Kaşğari "Divan"ındakı türk xalq şeirləri. XII əsrdən təriqətlərin, xalq sufizminin, dərvişliyin fəlsəfəsini ifadə edən xalq poeziyası, Yə­səvinin, Yunus Əmrənin ana dilinə meydan açmış sadə şeirlərinin dili də göz qabağında idi. Bütün bu dil nümunələrini görən Füzuli öz türk ana dilini böyük ədəbiyyat, böyük poeziya dili kimi hazırlamaq üçün tanrısından yardım diləyir.


Ey feyzrəsani-ərəbü türkü əcəm,

Qıldun ərəbi əfsəhi-əhli-aləm,

Etdün füsəhayi-Əcəmi İsadəm,

Mən türkzəbandan iltifat eyləmə kəm.


Qarşısına bir türk ideoloqu kimi məqsəd qoyur:


Məndə töfiq olsa, bu düşvarı asan eylərəm,

Növbahar olğac dikəndən bərgi-gül izhar olur.


Bu "düşvar"dan çıxacaq tapır, demokratik dil formasını elan edir: Qəzəl rəsmin et cüm­lədən ixtiyar. Qəzəl de ki, məşhuri-dövran ola, Oxumaq da, yazmaq da asan ola.

Və şüurlu şəkildə, məfkurə nəticəsi kimi yaratdığı dilin nümunələri belədir: 1. Nisbətən az anlaşılan dil var: Hüsni-rəyün afitabi-aləmi-sidqü səfa, Xaki-payin mənşəi-cəmiyyəti-ruyi-zəmin; 2. Orta anlaşma dərəcəsində olan dil var: Qılmasın dünyadə sultanlar mənə təklifi-cud, Bəsdürür başumda tövfiqi-qənaət əfsəri. 3. Tam anlaşılan dil var: Can söz­dür, əgər bilürsə insan, Sözdür ki, deyirlər, özgədir can.

Deməli, Füzulinin yaşadığı cəmiyyətdə bu üç təfəkkür qatı olmuş və bu nümunələrdən hər birini öz anlayanı üçün yazmışdır. Bu gün üçün çoxlu anlaşılmaz ərəb, fars sözlərinin işlənməsi, Füzuli dilinin müasir Azərbaycan dilinin təməli olmasını inkar etmir. Başqa xalqlarda da milli ədəbi dillərin tarixində analoji mənzərə təkrar olunmuşdur.

Füzuli Dantenin işini gördü, ancaq Şərq və Qərb (Asiya və Avropa) kontekstləri var. Şərqdə ərəbcə Yaxın və Orta Şərq türkləri üçün elm dili olub. Qərbdə bu işi latın dili görüb. Latından milli roman dillərinə qalanlar etnik kökdən gəlir, ancaq ərəbcədən türk­cələrə keçənlər yad mənşəli olmaqla ikiyə bölündü: 1. Xalqın dilində işlənənlər, deməli, anlaşılanlar; 2. Ancaq ziyalıların, savadlıların dilində işlənənlər - yazı dili ilə gələnlər. Fü­zulidə hər ikisi birləşir, çünki Füzuli həm geniş kütlə üçün yazır və kütlənin dilində işlə­nənlər başa düşülür, bu, xalqın dilidir; həm də bilavasitə "xirədməndlər" üçün, seçmə - kübar qat üçün yazırdı. Bu gün dilimizdə başa düşülüb işlənən minlərlə ərəb, eləcə də fars sözlərindən eləsi yoxdur ki, Füzulidə olmamış olsun - bu, Füzuli ərəbizmlərinin təx­minən 80 faizidir. Deməli, ərəbizmlərin çoxluğu anlaşılmazlıq demək deyil. Nəticə: 1. Azərbaycan dilində bugünkü türk sözlərinin hamısı Füzulidə var; 2. Bugünkü ərəb-fars alınmalarının hamısı Füzulidə var. Deməli: milli dilin lüğəti onda cəmləşir. Hər dilin tarixi özünəməxsusluğu var. Deyək ki, Puşkin rus milli ədəbi dilini formalaşdırarkən leksikada daha çox folklor əsaslı canlı dilə əsaslanır və əski slavyanizmlərdən də istifadə edir. An­caq rus milli ədəbi dilinin sintaksisini fransızcadan kalkaların üstündə qurur. Buna görə də məhz lüğətin sayəsində bugün rus Puşkinin dilini rahat başa düşür və professional ol­mayanlar, geniş kütlə bilmir ki, Puşkinin yaratdığı rus milli ədəbi dilinin sintaksisinin baza­sı fransız dilinə məxsusdur. M.Füzulidə tam əksinədir: cümlə sintaksisi təmiz türkcədir, ancaq lüğətində ərəb, fars mənimsəmələri əksəriyyət təşkil edir. Buna görə də müasir dil üçün əcnəbi arxaik leksikon Füzulidə daha çoxdur. Əlbəttə, bu arxaizmlərin dərəcə­sində Füzulidən günümüzə qədərki dörd yüz əlli illik zaman məsafəsinin öz tarixi rolu var. Bununla belə, Füzuli dilinin tarixiliyini qavramaq üçün bütövlükdə Şərq kontekstini, türk dillərinin inkişaf yolunu, eləcə də Azərbaycan ədəbi dilinin əsrlərlə davam edən ənə­nəvi gəlişini nəzərə almaq lazımdır. Bu mənada Azərbaycan milli ədəbi dili tam və kütlə­vi anlaşılan dil demək deyil. Məsələn, M.Ə.Sabir XX əsrin əvvəllərinin şairi olaraq, tə­bii ki, Azərbaycan milli ədəbi dilində yazmışdır. Ancaq Füzuli dili ilə müqayisələr apa­raq.


Füzulidə:


Hüsnün olduqca füzun eşq əhli artıq zar eylər,

Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.


Sabirdə:


Suzi-binaleyi-pərvanəni gör, ey bülbül,

Səhni-gülzardə ancaq sənin əfğanun var.


Füzulidə:


Pərişan halin oldum, sormadun hali-pərişanum,

Qəmündən dərdə düşdüm, qılmadun tədbiri-dərmanum.

Nə dersən, ruzigarım böyləmi keçsün, gözəl yarum,

Gözüm, canum, əfəndüm, sevdigüm, dövlətlü sultanum.


Sabirdə:


Hali-məczubim görüb, qare, demə, divanədir,

Nəreyi-şuridəmi zənn etmə bir əfsanədir.

Şairəm, təbim dəniz, şeiri-tərim dürdanədir,

Behcətüm, eyşüm, sürurim, vəcdüm əhraranədir,

İncizabim cürəti-mərdaneyi-mərdanədir,

Afərinim himməti-valayi-Səttarxanədir.


Füzulinin beytində az-çox "füzun” sözü dumanlı görünə bilər, Sabirdə "suz”, "səhn” müasir oxucu üçün aydın deyil, hələ Sabirdə izafətlər də nahamvarlıq təlqin edir. Füzuli­nin dördlüyündə bir dənə aydın olmayan söz yoxdur, "hali-pərişan”, "tədbiri-dərman” izafətləri leksik tərəflərinin tam şəffaflığı nəticəsində oxucunu bir zərrə gücə salmır. Sa­birdəki məczub (cəzb olunmuş), "qare” (oxucu), "şuridə” (aşiq, məftun), "behcət” (şad­lıq), "sürur” (sevinc, şadlıq), "əhraranə” (azadlıq döyüşçüsünə məxsus), "incizab" (vur­ğunluq), "himmət” (səy, qeyrət), "vala” (ali, böyük) kimi sözlər üçün geniş oxucunun lü­ğətə ehtiyacı var, "şeiri-tər”, "cürəti-mərdanə” birləşmələrində tərəfləri anlaşıqlı olduğu üçün izafətlər qavrana bilir, ancaq "hali-məczubim”, "nəreyi-şuridəm”, himməti-valayi-Səttarxan izafətlərində naməlum tərəfə görə məlum söz də mənaca açılmır.

Bu başqa məsələdir ki, Füzulidə "Açıldi lalə, güldi qönçə, gəldi işrət əyyami", "Ol dos­tum idi, degildi düşmən, Həm ol ana aşiq idi, həm mən" kimi minlərlə tam şəffaf misralar və beytlər var. Və, eyni zamanda, Sabirin kütləvi-xəlqi satiralarında "Mahi-Kənanın ba­tub, ey piri-Kənan, qəm yemə! Ta gülüstanun olubdur beyti-ehzan, qəm yemə! Ey dili-möhnətzədə, ol şad, ləbrizi-sürur, qəm yemə!", "Bu tifl ki nuri-bəsərü şireyi-candır, Ta­bi-tənü arami-dilü ruhi-rəvandır...", "Töhmət edir qəzetçilə məşəri-nası bir belə", "Əq­val ilə əmal bir olsaydı yəqinən", "Ümməti-mərhuməvü məğfur ilə, Əmrdəyəm taəti-məz­bur ilə" kimi yüzlərlə misralar, beytlər, bəndlər var ki, içində geniş oxucu kütləsi üçün mənası aydın olmayan sözlər, ifadələr işlənmişdir. Onda belə çıxır ki, Sabirin dili milli ədəbi dil nümunəsi deyil.

Bəs hələ romantiklərin dilinə diqqət edilsin. Əlibəy Hüseynzadə: Ənzari-şəbabımda pə­didar olan, ey zill, Ey zilli-tüluat, oluyorsın yenə peyda; M.Hadi: Ey toxmpaşi-məzrəeyi-elmü mərifət, Oldun təriqi-mövqeyi-ənvari-məğfirət. Bir heykəli-mücəssəm idin, ey vücudi-pak, Şol məsləki-büləndilə oldun dəfini-xak.

Buyurun, bu, XX əsrin əvvəllərinin, milli ədəbi dilin yaranmasından dörd əsr sonrakı Azərbaycan şeir dilidir. Baxılsa, nəsr dilində də eyni mənzərəni görərik.

Füzulidə: ... Və daxi zövqi-ictimai-lətaif və şövqi-idraki-zəraif iqtizasilə bu səradən rifə­ti-sürəyya və bu qətrədən vüsəti-dərya umulub və qələmi-sehr pərdazi füsunsaz edüb ni­fazi-əqaidi-əlfaz və ibrazi-fəvaidi-ənfas olunmaq olunmuşdur. Bu bildirir ki... ("Bəyazid Çələbiyə məktub"dan)

Seyid Əzimdə: Sipasi-biqiyas ol müəssisi-əsasi-karxaneyi-nitq və bəyanə kim, məntu­qeyi-elmül-bəyan ilə... Ta bu əyyami-məlalətəncami-bədfərcamdə təqazayi-seybi-sər­bənəsib məni naəlac və guşeyi-inzivayə möhtac etdi. Abidfirib olan bütlərün xəyali-xə­məbruləri ilə guşeyi-mehrabı təkyəgah etdüm və bu guşədə tuşeyi-məqsudə yetdüm ("Dibaçə"sindən).

"Əkinçi"də: Heç şüur həsənə qəbi və qəbihə həsən deməz. Saniyən, biz xəlqi təvəkkül­dən salmarıq, çün təvəkkül bəd əz elm və tədbir gərəkdir. Ona binaən deyirik: elm və tədbir sahibi gərək olmaq, ta təvəkkül əhli olasan. Çün hikməti-banieyi-ilahi hər şeyə bir xasiyyət verüb... Aya millət, dövlət içün əsbabi-tərəqqiyat, alati-hifzi-millət, dövlət və rövnəqi-ümuri-ticarət və sənaət və qeyrə lazım deyil? (Fi 25 iyun Rusiyə, sənə 1876).

F.B.Köçərlidə: Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Nəsr və nəzmdə bir şəxs onun ustadı olmayubdur. Əazimi-üdəbadan bir nəfərinin asarını sər­məşq və ittixaz etməyübdir. ...Əgərçi "Hədiqətüs-Süəda" nəsr ilə təhrir olunubdur..., la­kin bu nəsrdə Füzuli o qədər məharət və fəsahət göstərmiş ki və əhvali-keyfiyyəti-şühə­danı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi-mərifət indində onun də­rəcə və mənziləti çox nəzmlərdən artıqraqdır ("Azərbaycan ədəbiyyatı", I cild).

Əli bəy Hüseynzadədə: Rusiyada bu günlərdə vaqe olan hərəkati-qəyuranəyi-hürriyyət­karanənin əhəmiyyəti-əziməyi-aləmiyyəsi inkar olunmaz. Qafqaz xəlqini qulluğa, əsarətə məluf etmək olmaz. Qafqazın üç-dörd bin sənəlik tarixini qarışdırsaq, onu daima öz hür­riyyəti və azadlığı içün müharibə edən görürüz... Bəncə Qafqaz türkləri ətrakın ən hürriy­yətpərəstidir. Bu məmləkətdə heç bir qüvvət hürriyyət şövqüni məhv edəməz. Heç bir cəbr və təzyiq, heç bir cəfa və əziyyət, heç bir zülm və sitəm hürriyyət odunı söndürə­məz ("Həyat", 1906, ¹ 143).

Göründüyü kimi: S.Əzimin nəsri Füzulininkindən çox az fərqlənir. Bu, "Dibaçə" dilinin ənənəvi standart üstündə durması ilə bağlıdır, hətta səcliliyini (qafiyəli nəsr) də saxlayır. "Əkinçi"də məzmuna, müəlliflərin üslubuna görə dil müxtəlif səviyyələrdə çıxış edir: son dərəcə sadə - bugünkü anlaşma dərəcəsində və nisbətən kütləvi işlək olmayan lüğətin iş­ləndiyi dil. F.Köçərlidə ümumən dilimizin terminoloji müəyyənliyinin olmaması ilə bağlı ənənəvi obrazlar və ifadələr işlənir, bütövlükdə isə anlaşılan elmi dil mövcuddur. Əlibəy isə öz türkçü ideologiyasına uyğun olaraq İstanbul ağzında yazırdı. Bütün nəsr nümunələ­rində kütləvi anlaşılmayan dil və əcnəbi söz birləşmələri (izafət) Füzuli nəsr dilinin, zama­na görə, sadələşə-sadələşə gələn, ancaq üzülməyən ənənəsi idi. Şübhəsiz, həmin dövr­də əruz şeirinin varlığı da öz sözünü deyirdi - dil əruz şeirinin danışan ənənəvi cazibəsin­dən tamamilə çıxa bilmirdi.

Davamı...

Tofiq HACIYEV

mənbə: Azərbaycan jurnalı


Bölmə: Məqalə | Baxılıb: 3180 | Müəllif: vatanbaku | Teqlər: türkcə azərbaycan dili AZƏRBAYCAN Ə | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Dekabr 2009  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz