Əbülfəz Elçibəy (24 iyun1938 - 22 avqust2000) - Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993).
Həyatı
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.
7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universiteti-nin (Universitet yaxın vaxtlara qədər M.Ə.Rəsulzadə-nin
adını daşımışdır) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə
daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə
İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb
Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti
(868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri
namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun "Asiya və Afrika
ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib
(1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi
onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla
həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan
məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında indiki Azərbaycan EA Əlyazmalar İnstitutunda
kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi
işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər
yüksəlir (16.07.1992'ci ilədək).
Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq
ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən
ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və
şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı
elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr
edilib. Bunların içərisində BDU-nun "Elmi əsərlər"ində, EA-nın
"Xəbərlər"ində, "Əlyazmalar xəzinəsində" toplusunda və b. nəşrlərdə
çıxan "Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması" (1967),
"Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair" (1968),
"9-10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında" (1971), "Tulunilər
dövləti və Qərmətilər" (1971), "Abbasilər xilafətinin parçalanması və
feodal dövlətlərinin yaranmasına dair" (1971), "9-cu yüzilliyin 2-ci
yarısında Misirdə sənətkarlıq və ticarət" (1972), "Hənəfilik və onun
əsas qaydaları" (1986), "Əhməd Tantarani Maraği və onun "Tantaraniyyə"
qəsidəsi" (1987) və b. bir çox monumental tədqiqatlarını göstərmək olar.
Görkəmli alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları:
"Tolunoğulları dövləti (868-905)" (İstanbul, 1997) və "Bütöv Azərbaycan
yolunda" (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.
Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə
siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və
azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv
Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 oktyabr 1991).
Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri
yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın
carçısıydı.
Əbülfəz Elçibəy
7 iyun1992-ci
ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident
seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması,
Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının
yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz bəyin
prezidentliyə başladığı ilk vaxtlarda dövlətimizin qarşısında duran
təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam
gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin
qarşısını almaq idi, buna görə də ölkənin bütün imkanları Milli Ordu
quruculuğuna səfərbər edildi. Ordu quruculuğu yalnız hərbi-strateji
problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə
qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi
addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna
qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında oluan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi.
Keçmiş Sovet respublikaları arasında birinci olaraq rus ordusunun
Azərbaycandan çıxarılmasının başa çatdırılması ölkəmizin tarixi
nailiyyəti idi. O, Azərbaycan xalqının çox mühüm qələbəsi, son illərdə
Azərbaycanda gedən milli azadlıq hərəkatının, milli demokratik prosesin
məntiqi nəticəsi idi.
Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz
sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Sərhəd zolaqlarındakı
hərc-mərcliyin qarşısı nisbətən alındı və ən başlıcası, sərhəd
qoşunlarımız təşəkkül tapdı.
Dövlət üçün zəruri olan gömrük sisteminin yaradılması Azərbaycanın
təbii ehtiyatlarının xaricə qanunsuz-maneəsiz daşınmasının qarşısını
xeyli dərəcədə aldı.
1992-ci ildə tamamilə maliyyə baxımından taqətdən salınmış, xəzinəsinə süpürgə çəkilmiş bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı. Bir ildə fondda 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.
Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5
faizdən artıq olmadı. Bu, Azərbaycanın gələcəyinə böyük ümidlər
doğururdu. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə
buraxıldı. Bu, ölkənin siyasi nüfuzuna beynəlxalq aləmdə müsbət təsir
göstərdi. Manat
uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub
saxladı (qeyd edək ki, həmin dövr ərzində rus puluna nisbətən Belorus
rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü). Manat artıq
ümumqafqaz valyutasına çevrilmişdi.
Ölkənin siyasi sistemini dəyişdirmək istiqamətində də uğurlu
addımlar atıldı. Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi
informasiya vasitələri haqqında qanunların qəbul edilməsi totalitarizm
buzunu sındırdı. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya,
200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və
informasiya vasitəsi qeydiyyata alındı.
Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə
təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq
parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə
tuturdu. Çox təəssüf ki, hətta müxalifətin də razılıqla qarşıladığı bu
layihə sonralar qəbul olunmamış qaldı.
Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin
statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü
islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi.
Ə.Elçibəyin prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki
məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız
dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik
talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin
dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini
gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə
iqtisadiyyatda nisbi də varsa sabitliyə nail olmaq. İkincisi, liberal
iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının
formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı.
İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o sıradan
dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti
haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin
yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət
haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında,
torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi.
Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin
kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi
haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında
prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə,
sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı
haqqında dövlət proqramları hazırlandı.
Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi
üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa
başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca
müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə
başladı, kənddə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı,
özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış
evlərinin özəlləşdirilməsinə başlanıldı.
Emal sənayesinin inkişaf proqramına uyğun olaraq il ərzində onlarca
emal müəssisəsinin (əyirici, boyayıcı, toxucu, siqaret və hazır şərab
istehsalı üçün) tikintisinə başlanıldı. Azərbaycan iqtisadiyyatına
xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Hazırlanan
müqavilələrə əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç və Türkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi.
Respublika rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində Avropa
ilə Orta Asiyanı birləşdirən neft və qaz kəmərləri, dəmiryolu,
avtomobil yolu, eləcə də Bakı-Ceyhan neft kəməri respublika ərazisindən
keçməli idi. Bu yollardan ölkəmizin ildə 100 milyonlarca dollar mənfəət
götürəcəyi gözlənilirdi.
Gələcək nəslin zamanın tələblərinə uyğun inkişafına zəmin yaradan
elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı.
Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil
sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir
çox belə müstəqil təhsil ocaqları yarandı.
Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu
ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır. Yüzlərcə
gəncə onlarca xarici ölkədə nadir ixtisaslar üzrə təhsil almaq imkanı
yaradıldı.
Müstəqil Azərbaycanın orta məktəbləri üçün milli ideologiyamıza və
dövlətin mənafeyinə uyğun yeni proqram və dərsliklərin hazırlanması
sahəsində inqilabi dəyişikliklər həyata keçirildi. Azərbaycanın
yüzlərcə alim, müəllim və metodisti cəlb edilməklə bircə ilin
içərisində orta məktəbdə keçilən humanitar fənlər üzrə 7 yeni proqram
hazırlandı və onların əsasında 60-a yaxın adda tam yeni dərslik
yazdırıldı; ümumiyyətlə, başqa fənlər də daxil olmaqla 90-a yaxın adda
yeni dərslik ortaya qoyuldu ki, orta məktəblərimiz onlarla ilk dəfə
tanış olurdu. (Unutmayaq ki, Azərbaycanın təhsil tarixində heç vaxt bir
ildə 10-dan artıq tam yeni dərslik yazdırılmayıb).
Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident
strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə, ölkənin maliyyə
böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110
milyon manatlıq yardımla təhsil ədəbiyyatı üzrə yeni güclü nəşriyyat
-"Öyrətmən" yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız
əldə edildi və kitabların nəşrinə başlanıldı.
Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə də,
nəhayət, nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi,
dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı.
Azərbaycanda müharibənin davam etməsi mədəniyyətə lazımi səviyyədə
qayğı göstərmək imkanlarını xeyli məhdudlaşdırmışdı. Bununla belə,
prezident müxtəlif vasitələrlə mədəniyyətin tənəzzülünün qarşısını
almağa cəhd göstərirdi.
Hərbi şəraitin çətinliklərinə, keçmiş kommunizm sistemindən miras
qalmış problemlərin ağırlığına, parlamentin əsasən keçmiş
kommunistlərdən ibarət mühafizəkar hissəsinin kəskin müqavimətinə
baxmayaraq, bir illik hakimiyyət ərzində (15 may 1992-ci il - 17 iyun
1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi və bununla
da demokratik, suveren Azərbaycanda müstəqil qanunvericiliyin əsası
qoyuldu.
Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı
milli münasibətlər sahəsində qeyri-sabit vəziyyət yaratmışdı. Problemi
tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı
xalqlar və etnik qruplar haqqında fərman verdi. Beynəlxalq
təşkilatların ekspertlərinin rəyinə görə, keçmiş Sovet İttifaqı
respublikaları içərisində hələ heç bir dövlətdə milli münasibətlər belə
mədəni formada tənzim edilməmişdi. Məlum fərmandan sonra 30-a qədər
milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə
təmin edildi.
Azsaylı xalqların çıxardığı 4 qəzet Prezident fondundan maliyyə
yardımı aldı. Onlara radio və televiziyadan istifadə etmək imkanı
yaradıldı. Məhz bu məqsədyönlü işin nəticəsidir ki, Elçibəyin
hakimiyyətdə olduğu bir ildə heç bir milli separatçılıq hərəkatı uğur
qazana bilmədi. Elçibəy prezidentliyinin bir ilində Azərbaycan
beynəlxalq münasibətlər sistemində özünə ləyaqətli yer tuta bildi. O,
bir sıra xarici səfərlərdə oldu. İstanbul sammitində iştirak edərək
(24-27.6.1992) Qara Dəniz İşbirliyi Anlaşmasını və "Bosfor bəyanatı"nı (25.6.1992), ATƏM-in (indiki ATƏT) ikinci zirvə toplantısına qatılaraq (7-11.7.1992) Helsinki Müşavirəsi-nin Yekun aktını (8.7) və "Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə"ni (10.7), Rusiyaya rəsmi səfərə gedərək (12-13.10.1992) Boris Yeltsinlə
birgə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə"ni
(12.10) (bu, Azərbaycanın bütün tarixi boyunca bərabərhüquqlu dövlət
kimi Rusiyayla bağladığı ilk müqaviləydi), Ankarada
Türk cümhuriyyətləri başçılarının zirvə toplantısında (30-31.10.1992)
sammitin Yekun Bəyannaməsini imzaladı (31.10). O, Türkiyəyə rəsmi
səfərində (1-5.11.1992) prezident Turqut Özalla bir sıra müqavilələrə imza atdı (1.11), Ankarada açılan Azərbaycan Səfirliyinin lentini kəsdi (2.11), Ukraynaya rəsmi səfərində (9-10.12.1992) prezident Leonid Kravçukla
"Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq
haqqında müqavilə"yə qol çəkdi (9.12). Prezident Elçibəy, Bakıda Marqaret Tetçeri (7.9. 1992), Tatarıstanın baş naziri Filza Həmidullini (24.9.1992), Rusiya baş nazirinin əvəzi Yeqor Qaydarı (30.9.1992), Moldovanın baş naziri Andrey Sangelini (17.10.1992), Moskvanın meri Yuri Lujkovu (26.10), İslam Konfransı Təşkilatının baş katibi Həmid əl-Cabidi (13.11.1992), BMT baş katibinin şəxsi təmsilçisi Ömər Həlimi (27.11.1992), ATƏM-in Minsk Konfransının sədri Mario Raffaellini (22.1.1993), İslam İnkişaf Bankının prezidenti doktor Əhməd Məhəmməd Əlini (2.2.1993), Çeçenistan prezidenti Cövhər Dudayevi (5.2.1993), İordaniya vəliəhdi Rəad ibn Zeydi (12.2.1993), Gürcüstanın dövlət başçısı Eduard Şevardnadzeni və baş nazir Tengiz Siquanı (3.2.1993), Almaniya bundestaqı xarici işlər komissiyasının sədri Hans Şterkeni
(22.2.1993), Amerika Birləşmiş Ştatları Energetika İnstitutunun
prezidenti Devid Stanqı (9.4.1993), Türkiyə prezidenti Turqut Özalı
(13-15.4.1993), Ankarada Turqut Özalın dəfn mərasimindən (20-22.4.1993)
sonra bir sıra ölkələrin başçılarını, Ümumdünya Davos Forumunun
prezidenti Klaus Şvabrı (23.4.1993), Amerika Birləşmiş Ştatları Dövlət
Departamentinin müşaviri Stroub Talbottu (14.5.1993), Harold Elliston
başda olmaqla Böyük Britaniya parlamentinin nümayəndə heyətini
(30.4.1993), Türkiyə XİN müavini Özdəm Sanberqi (16.6.1993) və ölkəyə
qonaq gəlmiş bir çox başqa nümayəndə heyətlərini, Bakıdakı bütün xarici
ölkə səfirlərini qəbul etdi.
BMT-də, ATƏM-də, İslam Konfransı Təşkilatında, regional İqtisadi
Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə Azərbaycan
bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başladı. BMT-nin Bakıda
nümayəndəliyi açıldı. Qonşu dövlətlərlə: Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığın əsasları qoyuldu. Moldova, [[]Qazaxıstan] və Türkmənistanla iqtisadi sazişlər imzalandı. Belçika, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Misir, Pakistan, İngiltərə
ilə sıx əlaqələrə möhkəm zəmin yaradıldı. Rusiya, Türkiyə, Gürcüstan
kimi dövlətlərlə dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr
bağlandı. Türkiyə ilə münasibətlər imzalanmış sazişlər nəticəsində yeni
mərhələyə daxil oldu. Amerika Birləşmiş Ştatları və Qərbi Avropa
ölkələri ilə münasibətlər xarici siyasətin başlıca istiqamətlərindən
biri oldu. Azərbaycan dövlətinin belə müstəqil siyasət həyata keçirməsi
ölkəni əvvəlki tək öz təsir dairəsində saxlamağa çalışan və cəmiyyətdə
getdikcə geniş vüsət alan demokratikləşmə prosesini özləri üçün təhlükə
hesab edən bəzi qonşu dövlətlər tərəfindən qısqanclıqla qarşılansa da,
ümumilikdə Elçibəy iqtidarı xarici siyasətinin həmin istiqamətdə
qazandığı uğurlar şəksizdir.
Avropa və Amerikanın transmilli şirkətləri əlverişli iqtisadi məkan
kimi Azərbaycana üz tutmağa başladı. AMOKO, BP, Yunokal, Statoyl,
Pennzoyl və başqa böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər
hazırlandı. Neftin Aralıq dənizinə daşınması haqqında ilkin sənəd
imzalandı. Bu planların gerçəkləşməsi Azərbaycanın inkişafı üçün böyük
perspektivlər açırdı. Ölkəyə güclü investisiya axını başlayacaqdı.
Bütün bunlar Qərbin və Amerika Birləşmiş Ştatlarının Azərbaycana siyasi
münasibətində də əsaslı təkamülün səbəblərindəndir. Qərbdə Azərbaycanın
demokratik imici formalaşmışdı və ona görə də ölkəmizin apardığı ağır
müharibədə Qərbin onu müdafiə etdiyi dövr başlayırdı. Azərbaycanı
demokratik dövlət kimi dünyada tanıtdıran məhz Elçibəy iqtidarı oldu.
Artıq heç kəs azərbaycanlılara fundamentalist, fanatik, mədəniyyəti
demokratik prinsiplərə uyğun gəlməyən millət kimi baxmırdı.
Elçibəy iqtidarının apardığı geridönməz müstəqillik siyasətindən
təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi
qiyam təşkil etdilər və ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Öz
xalqını labüd faciələrdən qurtarmaq istəyən prezident Əbülfəz Elzibəy
1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə
getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi.
Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra - 1997-ci
ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan
müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən
(1997) AXCP sədri Əbülfəz bəy, həmin ilin Noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi 1997.
Çağdaş Azərbaycan ictimai-siyasi şüuruna yön verən və gerçək milli
lider kimi qəbul edilən Əbülfəz Elçibəyin siyasi-nəzəri görüşləri "Bu
mənim taleyimdir" (Bakı, 1992), "Deyirdim ki, bu quruluş dağılacaq"
(Bakı, 1992), "Demokratiya və azadlıq" (İstanbul, 1992), "Bütöv
Azərbaycan yolunda" (İstanbul, 1998), "Əbülfəz Elçibəy: Mən
qurtuluşçuyam!" (Bakı, 2002), "Elçi düşüncələri" (Bakı, 2002)
kitablarında əksini tapıb. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun
"Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy" (İstanbul,
1992), A.Səmədoğlunun "Elçibəy və Azərbaycan" (İstanbul, 1994), Fazil Qəzənfəroğlunun "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə" (İstanbul, 1995), Ədalət Tahirzadənin
"Elçi Bəy" (Bakı, 1999), "Elçibəylə 13 saat üz-üzə" (Bakı, 1999;
İstanbul, 2001), "Prezident Elçibəy" (Bakı, 2001), O.Məmmədovun
"Elçibəy ilə birlikdə otuz il" (İstanbul, 1999) və b. kitablar
oxucuların marağına səbəb oldu.
Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin müsavatçılıq ideyalarını Bütöv Azərbaycan düşüncəsiylə zənginləşdirmiş, milli ideologiyamızın "Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!" ülküsünü irəli sürmüşdür.
Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan
Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy
22 avqust 2000-ci ildə - 63 yaşındaykən qardaş Türkiyənin Ankara
şəhərində əbədiyyətə qovuşdu. Bakıda dəfni günü yüz minlərlə insanın
onun tabutunu son mənzilinədək çiyinlərində aparması onun doğma
xalqının ürəyində əbədi sevgi qazandığına sübut oldu.