Cümə, 2024-04-26, 02:09
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2009 » Avqust » 23 » Əhməd Cavad: “QIRMIZI SİYAHI”
Bookmark and Share
Əhməd Cavad: “QIRMIZI SİYAHI”
11:41
Əhməd Cavad: “QIRMIZI SİYAHI”

   Məhkəmə qurulmuşdu. Yenə istintaq işi araşdırılır, şahidlər dindirilirdi. Məhkəmə zalı adamla doluydu. Təkcə müttəhimin yeri boşuydu. Bu dəfə məhkəməsi onsuz keçməliydi. Şair Əhməd Cavadsız… Ancaq o burdaydı. Dayanıb, deyilənləri dinləyirdi. Gözlərindəki kədər gülümsər sifətinə yayılmışdı. Onu təkcə Şükriyyə görürdü. Sövq-təbii hiss edirdi ki, Cavadını çağırsa da, bu qədər adamın içində yanına gəlməz. Onun varlığını duya-duya titrək əllərini arabir yanında əyləşən oğlu Niyazinin əllərinə toxundururdu. Şükriyyə görürdü ki, müstəntiqlər, şahidlər 1937-ci ildə dustaqxana divarları arasında Əhməd Cavadın başına gətirilən müsibətlərdən danışdıqca, Niyazinin hirsindən dodaqları səriyir, gözləri alışıb-yanır. O, öz təmkiniylə balasının aşıb-daşan qəzəbini cilovlamaq istəyirdi. Deyəsən, buna müvəffəq olurdu. Niyazi anasının hər toxunuşunu belə yozurdu: "Başımıza gətirilən o qədər müsibətlərin, işgəncələrin qabağında buna da dözməliyik, oğlum. Bir də gör, sən kimin oğlusan". Niyazini az-çox sakitləşdirən Şükriyyə üçün ən çətini öz içində tufana dönən hirsini, nifrətini səngitmək, məhkəmənin sonunadək davam gətirmək idi. Ayağa qalxıb, bu oyuncaq məhkəmələrin nökərləri olan müstəntiqlərin, vəkillərin, dövrün havasıyla danışan şahidlərin yaxasından yapışıb, var gücüylə bağırmaq istəyirdi: "Axı niyə bizi yaşamağa, xoşbəxt olmağa qoymadınız? Bir ömrü Cavada, mənə, balalarımıza haram eləməyə nə haqqınız vardı?". Düyünlənən yumruqlarını köksünə qoyub dişlərini sıxdı. Ona elə gəldi ki, indicə bu məhkəmə salonundan qaçıb-qurtulmasa havalanacaq. Cavadsız keçən bu illərdə bircə nicat yolu vardı. Çəkdiyi işgəncələrdən, cavabsız suallardan dəli olmaq həddinə çatanda Cavadlı günlərini köməyinə çağırırdı. Yenə xəyalı ötənlərə uçdu.

   ...1920-ci illəriydi. On dörd yaşında Acarıstandakı doğma evini, knyaz nəslini, atası Süleyman bəyi, anasını qoyub, Azərbaycandan gələn Xeyriyyə Cəmiyyətinin üzvü 24 yaşlı gəncə qoşulub-qaçdığı gündən illər ötürdü. Şükriyyə üçüncü övladının yolunu gözləyirdi. Cavadın müəllim işlədiyi Quba qəzasının Qusar rayonunun Xuluq kəndindəydilər. Yenə üç dost - Hüseyn Musayev, qonşu Nəcəfkənddə müəllimlik edən Mircəfər Bağırov, bir də Əhməd Cavad Şükriyyənin açdığı süfrənin başında əyləşib yeyib-içirdilər. Süfrə başında can deyib-can eşidən dostlar ömürlərinin sonunadək üç ayrılmaz qardaş kimi bir-birlərinə sadiq qalacaqlarına söz verirdilər. Arabir Şükriyyə əlində sinidolu yeməklə içəri girirdi. Hüseynlə Mircəfərin onun bişirdiyi xörəkləri tərifləmələri Əhməd Cavadın ürəyinə yağ kimi yayılardı: "Bəs necə, Şükriyyə Qafqazın baş aşpazıdır", - deyib gülürdi. Mircəfər Şükriyyənin ana olmağa hazırlaşmasına işarə etdi:
- Cavad, oğlun olsa, ona knyaz babasının adını qoyarsan.
Cavad yenə güldü:
- Bu dəfə oğlum olsa, adını Aydın qoyacağam. Cəfər Cabbarlının "Aydın" əsərinin adını mən vermişəm axı. Qızımın adı da çox xoşuna gəlib. Deyir, Almaz ən böyük qadın qəhrəmanına yaraşan addır. Cəfər məni tərifləyir ki, sənin ad seçməkdə əvəzin yoxdur.
   Həmişə ondan ayrılandan sonra, Cavadın qəlbini qəribə duyğular bürüyürdü. O gün də dostlarını yola salıb-qayıdanda fikirliydi. Şükriyyə "Nə olub?" - deyə soruşanda, çiyinlərini çəkdi: "Bilmirəm, Şükrü, nədənsə, bu Mircəfərdən heç gözüm su içmir. Birtəhər adama oxşayır. Dostluqdan, etibardan dəm vurur, ancaq baxırsan, gözləri, baxışları heç durulmur". Şükriyyə bunu Mircəfər onların evinə ilk gəldiyi gün hiss etmişdi. Elə Şükriyyənin bişirdiyi yeməkləri də həmin gün daddı. Gah onun xörəklərini, gah da Cavadı ağızdolusu təriflədi. Ancaq Şükriyyə o gün Mircəfərin gözlərinin dərinliyindəki qapqara boşluğu, kini-küdurəti görüb vahimələndi. Qonaq gedəndən sonra Cavada qısıldı: "Sənin bu təzə yoldaşından heç gözüm su içmir, qəlbiqara adama oxşayır". O, ürəyində Şükriyyəyə haqq qazandırsa da susdu.
   Cavad Qusarlı günlərini sonralar, Azərbaycan SSR-in birinci katibi vəzifəsində işləyən Mircəfər Bağırovun qapısının ağzında gözləməyə məcbur ediləndə dönə-dönə xatırlayırdı. Onlar haqlı çıxdılar. Köhnə dostu, elə bil, Cavadın qanına susamışdı. Mircəfərin hökmüylə Cavad birinci dəfə 1923-cü ildə tutuldu. O vaxt müsavatçı, Məmmədəmin Rəsulzadənin dostu, silahdaşı Mirzəbala Məmmədzadəni Türkiyəyə qaçırdığına görə suçlanırdı. Müstəntiq onu dindirəndə qəflətən yanlarında hələ ki Fövqəladə Komissiyanın adından hökmlər verən Mircəfər peyda oldu. Üz-gözündən zəhər yağırdı. Onun yadına "Xuluqda" şeirini saldı:
- Sən bu şeirinlə qubalıları ələ salmısan.
- Mən bu şeiri sənin yanında, Vələş çayının qırağında qoşub, ilk dəfə sənə oxudum ki, fikrini bildirəsən. Onda məni qucaqlayıb öpdün, təbrik edib dedin ki, bu şeirdə bizim vəziyyətimizi tamamilə doğru-dürüst təsvir etmisən. İradların vardısa, o zaman niyə demədin? Axı mənim yazdıqlarım Quran ayəsi deyil ki, dəyişdirilməsi mümkün olmasın. Deyəydin, düzəldəydim.
- Bəs onda "Ləzgi qızları"na nə deyirsən? Bu şeirinlə sən yerli sovet qızlarını dilə tutub, əxlaqsızlığa sürükləyirsən.
- Şairlər yazdıqlarının qəhrəmanları həmişə özləri olmur. Sənin dediyin o şeiri məktəbimizdəki subay Səmədin xahişiylə, onun dilindən yazmışdım. Səmədin sevdiyi qızı da tanıyırdım. Evlənmələrini arzulayırdım.
Bağırov əsəbi halda müstəntiqə bağırdı:
- Hələ bunu ağıllandırmamısınız? Yenə söz güləşdirir, bizə dərs verir. Buna otuz zopa vurun. Adını da "Qırmızı siyahı"ya salın!
Onda Qubanın Maarif Şöbəsinin müdiri vəzifəsində çalışan Hüseyn Musayev çatdı dadına. Bağırovun yanına gedib köhnə dostuna görə ona ağız açdı. O zaman öz yeri hələ möhkəm olmayan Mircəfər güzəştə getdi. Azadlığa çıxandan sonra Cavad bildi ki, "Qırmızı siyahı" Şura hökumətinin ölüm dəftəridir.
Evə qayıdanda Yaxşıyla Şükriyyə dəhşətə gəldilər. Cavad ayaqüstə dayana bilmirdi. Döyül-məkdən bədəni zolaq-zolaqıydı. Bir aya yaxın anasıyla həyat yoldaşı bədəninə təpitmə qoydular.
   Ruhunu pərvazlandıran azadlıq lazımıydı ona. Cavadın qələmi şair qəlbinin hökmüylə dinmişdi. İndi dövran ondan bağrına daş basıb, zamanın diktəsiylə yazmağı tələb edirdi. Əhməd Cavad çıxış yolunu susmaqda gördü. 1920-25-ci illərdə mətbuatda cəmi dörd-beş şeir çap etdirdi. İndi də onu "Sandıq ədəbiyyatının banisi" adlandırıb tənqidə tuturdular. 1925-ci ildə "Göy göl" şeirini yazıb mətbuatda dərc etdirdi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu şeiri oxuyub heyran qalır: "Kim deyə bilər ki, Azərbaycanın Puşkini yoxdur? Var, özü də lap yaxşısından!". O zaman Cavadın Müsavat dövründə yaratdığı "Yaşıl qələmlər" Cəmiyyətinə qarşı "Qızıl qələmlər" Cəmiyyətini təşkil edən sovet şairlərindən üçü Səmədağa Ağamalıoğunun yanına gedir:
- Bu, əksinqilabi şeirdir. Baxın, Cavad nə yazır:
Sənin gözəlliyin gəlməz ki saya,
Qoynunda yer vardır yıldıza, aya!
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy göl!
Görmürsünüz, burada aydan, ulduzdan bəhs olunur? Uzaqda yaşayan müsavatçılara ismarıclar göndərilir, onlar üçün göz yaşı tökülür.
Ağamalıoğlu dərhal yumruqlarını masaya çırpıb əmr edir:
- Əclafı həbs edin!
Cavad yenidən həbsxanaya düşdü. Ona gah işgəncələr verir, gah "nəsihətlər" verirdilər: "Həqiqəti boynuna al!". "Göy göl"ü tərcümə edib Moskvaya göndərdilər. Şeir orada yoxlanıldı. Siyasi səhv tapılmadığı barədə Bakı məlumatlandırıldı. Ancaq Cavadı həbsdən azad etməyə tələsmədilər. Şükriyyə qayınanasıyla çar-naçar Ağamalıoğlunun yanına getdi. Yaxşı ana dil tökdü:
- Ay bala, özün bilirsən, Cavad müəllim babadır. Qoşunu yox, topu-tüfəngi yox. İstəsə də, Sovet hökumətinə heç nə eləyə bilməz. Onu niyə tutmusunuz? Özünüz də eloğlusuz.
- Ay arvad, heç bilirsən, sənin oğlun kimdir? O, Sovet hökumətini bir şar kimi taxıb barmağına, fırladır.
Yaxşıyla Şükriyyə kor-peşman evə döndülər. Cavad hələ iki ay da dustaqxanada qaldı.
Sovet hökuməti qurulduğu gündən müsavatçı "ovuna" çıxdı. Keçmişdə Azərbaycan Demokratik Cümhuriyyətinə rəğbət bəsləyənlər, Müsavat Partiyasının üzvlərinə qohumluğu çatanlar, dost olanlar incidilir, həbsə, sürgünə göndərilirdi. Əhməd Cavad isə o partiyanın, o dövlətin yaradıcılarından, qurucularındanıydı. Onun odlu-alovlu qələmi azad Azərbaycan uğrunda dilə gəlmişdi. Əhməd Cavad ADR-in Himninin, "Çırpınırdı Qara dəniz, Baxıb türkün bayrağına", "Mən çeynənən bir ölkənin, Haqq bağıran səsiyəm!.." kimi misraların müəllifiydi. Ona "Sovet quruculuğuyla ayaqlaş", - deyirdilər. Əhməd Cavad "Pambıq" şeirini yazdı. Çap olunar-olunmaz hay-küy saldılar: "Əhməd Cavad sovet quruculuğuna qarşı çıxaraq yazıb:
Sən Muğana gələli,
Biz yaylağa köçmədik.
O, "Kür" deyib şeir qoşdu: yenə tənqidçiləri hücuma keçdilər:
Əyil, Kürüm, əyil keç.
Dövran sənin deyil, keç,
- deməklə Əhməd Cavad hələ də müsavatçı ideyalarına sadiq qaldığını təsdiq edir, köhnə günlərin xiffətini çəkir.
   1928-ci ildə Türkiyədə müsavatçıların nəşr etdikləri "İstiqlal məcmuəsi"ndə onun şeirləri işıq üzü gördü. Cavadın yaxasını Dövlət Təhlükəsizlik Komitəsinin əlinə vermək üçün fürsət axtaranlar girəvə tapdılar. Düz, iki il sərasər bəzi şairlər, yazıçılar yorulmaq bilmədən mətbuatda "İstiqlal məcmuəsi"ndə çap olunan şeirlərinə görə onu ittiham etdilər. Cavad "Kommunist" qəzetinin 1929-cu il 31 oktyabr tarixli sayında "Şiddətli protesto edirəm" məqaləsiylə yazılanlara cavab verdi: "Aprel inqilabından sonra əlaqədar olmadığım bir təşkilat tərəfindən nəşr edilən bu kitabdan xəbərim olmadığı kimi, hansı parçalarımın da oraya düşdüyündən xəbərim yoxdur". Amma bu etiraz kükrəyən kin-küdurət dalğasının qarşısında bir damlaydı. Qəzetlərdə verilən imzalı-imzasız məqalələrdə, şeirlərdə Cavad təhqir olunurdu. "Kommunist" qəzetinin 1929-cu il 3 noyabr sayında "Sübut edə biləriz" adlı məqalə dərc edildi. Məqalə müəllifi Əhməd Cavadın "iç üzünü açmaqla" kifayətlənmirdi, şairin Mikayıl Müşfiq, Almas İldırım kimi gənc yazarlara təsirindən də hiddətlə söz açır, onları Cavadın hətta nəşr olunmamış şeirlərini belə oxumaqda günahlandırırdı. "Yeni yol" qəzetinin 1929-cu il 6 noyabr sayında "Yeni yol"un müxbirləri" imzasıyla çap olunan "Cavada nifrət" adlı məqalədə də Cavad barəsində şairdən çox, qatı cinayətkar kimi danışılırdı.

Yetişib Türkiyəyə yazdığı bir çox əsəri,
Yazdığından özünün yaxşıca vardır xəbəri;
Əyləşib Türkiyədə, dəvət edib dərbədəri -
Şeirinə çıxdı yiyə Türkiyə Əhməd Cavadın,
Biyliyi oldu əyan cümləyə Əhməd Cavadın.

Bu yızma-qara "Əhməd Cavadın Türkiyədə nəşr olunan "İstiqlal məcmuəsi"nə şeirlər göndərməsi münasibətilə” "Gənc işçi" qəzetinin 1929-cu il 17 noyabr sayında çıxdı. Cavad ittihamedici yazılara "Kommunist" qəzetinin 1929-cu il 19 noyabr tarixli sayında "İzah" adlı məqaləsi ilə cavab verdi. Amma elə qəzetin həminki və sonrakı saylarında "Cavadın yolu" adlı irihəcmli, imzasız redaksiya məqaləsi dərc olundu. Məqalə "Qoy, "cocuq" Cavad bizi cocuq sanmasın", - sözləri ilə bitirdi.
Yaxın dostlarının, ədəbiyyatda, elm aləmində olan məsləkdaşlarının əksəriyyəti Əhməd Cavadın günündəydi. Danışmaqla, yazmaqla şairin vəziyyətini yaxşılaşdırmaqdan çox onun da, özlərinin də günlərini qaraldacaqlarını düşünüb susurdular. Yazıçı Əbdürrəhim bəy Haqverdiyevlə xalq artisti Hüseynqulu Sarabski o vaxt mətbuatda şairi müdafiə etdilər. Amma Cavadın xeyrinə deyilən hər kəlmə, yazılan hər sətir ona qarşı əsl mübarizəyə qalxanların qəzəbini daşırardı. Bu hücumlar şairi Bakıdan dərbədər saldı. Cavadın işlədiyi Pambıqçılıq İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu adını alaraq, 1930-cu ildə Gəncəyə köçürüldü. Orada institutda işləyirdi, professor adını almışdı, Gəncə Dram Teatrında çalışırdı. Amma gözdən uzaqlaşdırılmaqla da "unudulmadı". Şair yaxşı bilirdi ki, bu hücumların arxasında respublikanın ən nüfuzlu adamının barmağı var. Ona yarınmağa, "molodes"ə satırdı qələm yoldaşları Əhməd Cavadı.
   İlk dəfə həbsdən azad olunanda Mircfər onu yanına çağırdı. Cavada nəsihətlər verib yola saldı. 1933-cü ildən sonra bu dəvətlər artdı: "Gözləyin, Mircəfər Bağırov sizi qəbul edəcək", - deyə-deyə şairi saatlarla, bəzən yarım gün qapının ağzında oturub-gözləməyə məcbur edirdilər. Cavad düşünürdü ki, onun gözlədiyi bu üzücü saatlarda Mircəfər bəlkə də heç kabinetində yoxdur; hardasa ya kef çəkir, ya yatır, ya da başqa işlə məşğuldur. Handan-hana onu içəri çağırırdılar. Bağırov özünü elə aparırdı ki, sanki qarşısındakı duz-çörək kəsdiyi, "dost", "qardaş" deyib, boynuna sarıldığı adam deyil. Dünyanın qəribə işləklərini düşünə-düşünə Cavad Bağırovun hər görüşündə dediyi, onun aləmində boş, mənasız olan sözlərini təkrarlayırdı: "Sovet hökuməti səni bağışlayacaq, get başını sal aşağı, işlə". Cavad əsəblərini tarıma çəkən bu görüşün bitməsini gözləyirdi. Evə dönəndə də yolboyu nifrətlə Mircəfərlə söhbətlərini xatırlayırdı: "Bu hökumət dilimə qıfıl vurdu, əl-qolumu bağladı, ruhumu məndən perikdirdi. Daha nə istəyir...". Evdə dünəndən yolunu gözləyə-gözləyə, az qala, yüz dəfə ölüb-dirilən Şükriyyənin gözlərində gördüyü kədər sovet quruluşuna hiddətini daha da artırırdı. Amma yorğunluğunu, üzgünlüyünü bəlli etməməyə çalışırdı. Şükriyyə də ərini hövsələdən çıxarmamaq üçün suallar vermirdi. Ona qulluq edə-edə gözləyirdi ki, Cavad özünü ələ alsın. Sonra könül sirdaşına dərdlərini anlatsın.
   Bakıya döndükdən sonra, sadiq "tənqidçiləri" Azərbaycan Şura Yazıçılar İttifaqının, Azərbaycan KP MK-nın plenumlarında, iclaslarında onu ittiham edirdilər. Cavad yenə ən çox tənqidə, təzyiqə məruz qalan şairiydi. Qələmindən çıxan hər sətirdə siyasi məna, pantürkist düşüncələr tapırdılar. Başına olmazın müsibətlər gətirdilər. İşdən qovuldu, yazdığı əsərlərin qonorarlarını vermədilər, əsərləri oğurlandı, ondan ezamiyyət pulları geri alındı. Plenumlar, iclaslar Əhməd Cavadın məhkəməsinə döndərildi. Azərbaycan Şura Yazıçılar İttifaqının 1937-ci il 21 mart tarixli plenumunun 4-cü səhər iclasında Cavad ittifaqın üzvlüyündən "xalq düşməni" kimi çıxarıldı. O gün də tənqidçiləri kükrəyib-yoşmuşdular: "Yoldaşlar, Cavad məsələsini konkret qoymaq lazımdır. O, həmişə bizi aldatdığına görə və bu vaxta qədər özünü göstərmədiyinə görə Yazıçılar İttifaqından çıxarılsın!..". Tənqidçilərin odlu-alovlu çıxışlarıyla başa çatan bu iclas şairin ölümünü yaxınlaşdırırdı.
Ona azmı demişdilər, bu hökumət sənin axırına çıxacaq; tərk elə bu qırmızıların qan çanağına döndərib viran qoyduğu yurdu...
Mirzəbala Məmmədzadəni yola salırdı. Türkiyə sərhədinə çatıb dayandılar. Bu ayrılığın sonunda ümid də vardı, nigarançılıq da. Mirzəbala əlini onun çiyninə qoydu:
- Cavad, ailəni, uşaqlarını götür, gəl Türkiyəyə.
- Sən get, mən gedim, bəs bu binəva Azərbaycanı kimə tapşıraq?
1936-cı ildə qayınatası Süleyman bəy Acarıstandan onları soraqlaşa-soraqlaşa gəldi Gəncəyə. Təkid etdi: "Cavad, oğlum, bilirsən ki, bu Şura hökumətindən qaçanların çoxunun sərhəddən keçməsinə mən kömək eləmişəm. Gəl inad etmə". Getmədi...
1937-ci ilin 4 iyununda Hüseyn Cavid, Mikayıl Müşfiq və Əhməd Cavadı bir gecədə apardılar. Cavadin həbsolunma orderinin nömrəsi 510, dustaq nömrəsi 1112 oldu...
   Həbsindən aylar ötürdü. Ailəsindən xəbər tuta bilməyən Cavad düşünürdü ki, indi Şükriyyə, anası Yaxşı, oğlanları Niyazi, Tuqay, Aydın gözüyolda, ürəyiyaslıdırlar. Təkcə Yılmaz, yəqin, bu olub-bitənləri özünə yetərincə dərd eləmir. İkiyaşlı südəmər körpənin ağlı nə kəsir ki? Bir də qızı Almaz xəbərsizdir sevimli atasının başına gətirilənlərdən. Ah, Almaz, Almaz… O, yadına düşəndə qəlbindən sızıltı keçdi. Udqundu. İçinə süzülən göz yaşlarının göynərtisini duydu. On altı yaşında mələklər aləminə uçub-gedən balasının ayrılıq acısını ovutmağa illərin gücü çatmırdı. Bu ağrını sağaltmağa bir ömür yetməzdi: "Qızım, yaxşı ki, sən atanın bugününü görmədin. O kövrək qəlbin bu yükü necə daşıyardı, Almazım?..".
   Həbsxana divarları arasında Cavadı ən çox darıxdıran günlərin uzunluğuydu. Vaxtını, vədəsini bilmədən yola saldığı ayların hər saatı, hər anı əzablıydı. Müstəntiq Qvozdyevin arxayın-arxayın verdiyi suallar, eşidə bilmədiyi cavabların hirsini-hikkəsini ondan çıxması, üzləşdirildiyi adamların gözlərindəki peşmançılığı, işgəncəni görmək deməkdi burdakı günlər. Dindirilmələrdən kamerasına öz ayağıyla döndücünü xatırlamırdı. Həmişə ən son gördüyü müstəntiqin bağırtısı altında vurulan zərbələr olurdu.
   Gözlərini kamerasında açdı. Titrəyirdi. Deyəsən, yenə qızdırması qalxırdı. Gözləri öz-özünə yumulurdu. Şükriyyə içəri girdi, onun başını dizləri üstünə qoydu, sevdalı gözlərindən yaş axıda-axıda Cavadın ona yazdığı, ən çox sevdiyi "Qurban olduğum" şeirini pıçıldadı. Onun göz yaşlarını silmək, "Sən ağlama, mən ağlaram, gözəlim" demək istədi. Amma nə əlləri qalxdı, nə də dodaqları aralandı.
   Hər dəfə nəzarətçi qapıda görünüb, "Müstəntiq çağırır, qalx!", - deyə əmr edəndə bacardıqca sakitləşirdi. Qvozdyevin yanına gedəndə üzünə toxtaq ifadə verirdi. Müstəntiqi ən çox heyrətləndirən, əsəbiləşdirən də bu olurdı. Sorğu-sual verməyi unudub, 45 yaşlı, üç ayın içində xeyli arıqlayıb-qoyalsa da, gözəlliyini saxlayan kişiyə baxırdı. Sonra hikkəylə ittihamlara başlayırdı. Cavad gözlərini bir nöqtəyə dikib fikrə gedirdi. Arabir qulağına müstəntiqin səsi gəlirdi, yenə köhnə havaları çalırdı: "Sovet hökuməti… Əksinqilabi, millətçi təşkilat… Müsavat… Məmmədəmin Rəsulzadə...". Qvozdyev istər-istəməz Cavadın xəyalını ruhən azad olduğu illərə aparırdı. Amma onun ardınca dəhşətli fikirlər gəlirdi: "Başqa "xalq düşmənləri"nin həyat yoldaşları kimi, Şükriyyə həbs olunubsa, yəqin, böyük oğlanlarımı da tutublar. Bəs südəmər Yılmaz? Görəsən, onun başına nə gətirdilər? Anam uşağı vermək istəməz. Ancaq bu qaniçənlər nə körpəyə rəhm edərlər, nə də qocaya. Şübhəsiz, Yılmazı da uşaq evinə aparacaqlar. İndi, yəqin, ocağımız qan ağlayır".
   Başını qaldırıb müstəntiqin üzünə baxdı. Elə bil, Qvozdyev həyatı ondan asılı olan dustaqdan qorxdu. Müttəhimin gözlərinə qan sızmışdı. Cavad o gözlərdəki xofu, qorxunu açıq-aydın gördü. Kürsünün arxasında büzüşüb-balacalaşan müstəntiqə baxa-baxa aramla dedi: "Mən heç nə bilmirəm! Azərbaycan Milli Mərkəzinin üzvlərindən kimsəni tanımıram!". Əhməd Cavadın iradəsini qıra bilməyəcəyinə müstəntiqin şübhəsi qalmamışdı. İndi ancaq bir hisslə alışıb-yanırdı: bacardıqca əzişdirmək, qüruruna, dönməzliyinə görə, ölümünə meydan oxumasına görə ondan intiqam almaq! Müstəntiq gücü gəldikcə yumruğunu stola çırpdı. Otaqda qoluzorlular göründülər. Əhməd Cavad onların əllərinin "duzunu" o qədər görmüşdü ki. Üç-dörd kişi hərəsi bir yandan ona zərbə endirirdilər…
Şükriyyə Cavada verilən işgəncələrin ağrılarını həbsindən qabaq da, sürgündə olanda da, indi də yanında, ruhunda hiss edirdi. Sızlaya-sızlaya Cavadın durduğu yerə baxdı. Onun üzündən təbəssüm çəkilmişdi. Deyəsən, Şükriyyəsinin ağrılarını o da duyurdu.
   Məhkəmə davam edirdi. Müstəntiq Cavadın "İstintaq işi"ni vərəqlədikcə, Şükriyyə içindəki çox suallara cavab tapırdı: "Demək, on bir nəfər - Eminbəyli, Qubaydulin, Zeynallı, Çobanzadə, Talıblı, Ruhulla Axundov, Əfəndiyev, Mahmudzadə, Sanılı, Kərimov, Hüseynov Cavadın əksinqilabçı olması barədə ifadə verib. Ancaq axır məqamda onların əksəriyyəti öz fikirlərindən imtina edib. Hənəfi Zeynallı son anda öz ifadəsini geri götürüb. Bəkir Çobanzadə deyib ki, mən ifadəmi Hənəfi Zeynallının sözüylə vermişəm. Ruhulla Axundov tərəfindən Cavad barədəki fikirlər sonradan rədd edilib. Kərimov isə bildirib ki, bu fikri Ruhulladan eşidib. Son mühakimədə Hüseynov, Sanılı, Mahmudzadə də əvvəlki ifadələrini geri götürüblər".
   Onlar Cavadı tanıyırdılar, kim olduğunu bilirdilər. Şükriyyə inana bilmirdi ki, bu adamlar onun həyat yoldaşının əleyhinə danışıblar. Əgər "İstintaq işi"ndə yazılanlar doğruydusa da, Sovet hökumətinin cəhənnəmə döndərdiyi dustaqxanalarda özləri-özlərinə belə böhtan atan müttəhimləri işgəncələr, təzyiqlər altında verdikləri "ilkin ifadələr"ə görə qınamaq günahıydı. Şükriyyə də qınamırdı...
   O dəhşətli 4 iyun gecəsi şairlə birgə evindən götürülən sənədləri, əlyazmaları daha bundan sonra axtarmayacaqdı Şükriyyə. Çünki yoxuydular. Onların son taleyi barədə məlumat müstəntiqin Cavadın "İstintaq işi"ndən oxuduğu "Akt"dan gəlirdi: "DTK-nın əməkdaşlarından baş leytenant Qvozdyev və onun köməkçisi Qusaryev qeyd ediblər ki, yoxlama zamanı Axundzadə Cavaddan götürülmüş ona məxsus kitabları, qəzetləri, müxtəlif fotoşəkilləri və yazışmaları 1937-ci il 4 iyulda, eyni zamanda, ilk istintaqların, protokolların "6", "7", "8", "9", "10" və "11" nömrələrini, istintaqa heç bir dəxli olmayan və sahibinə qaytarılmasına aid sayılmayan hesab edərək məhv edib yandırdıq".
   Əhməd Cavadın 1937-ci ilin 3 iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtarmışdı. 1937-ci ilin 12 oktyabrında başlanıb, cəmi 15 dəqiqə davam edən məhkəmənin sədri Matuleviç, üzvləri Zaryanov və Jiqur olub. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Cavadı Azərbaycan Cinayət Məcəlləsinin 69, 70 və 73-cü maddələri ilə ittiham edib. İrəli sürülən ittihamlardan birincisi o idi ki, şair 1922-ci ildən əksinqilabçı Müsavat hərəkatının başçısı olub, 1936-cı ildən isə o, Azərbaycandakı mövcud üsyankar-terrorçu təşkilata qoşularaq, qarşısına Sovet hakimiyyətini yıxmaq, Azərbaycanı SSRİ-dən ayırmaq məqsədini qoyub. Məhkəmədə hərbi hüquqşünas Kostyuşko və prokuror Rovski iştirak ediblər. Müdafiəçilər, yəni vəkillər, şahidlərsə olmayıb.
   Müttəhimi hətta öz ittihamnaməsiylə belə tanış etməyiblər. Cavadın qolu yalnız makinada yazılan ittihamnamədə vardı. Açıq-aydın görünürdü ki, şairi buna məcbur ediblər. Cavadın "İstintaq işi"ndə onun öz xətti ilə yazılmış bircə sətir də, bircə söz də yoxdur. Cavad öz cəzasının yüngülləşdirilməsini xahiş etməyib. Məhkəmədən rəhm diləməyib. İstintaq işində hökm çıxarıldıqdan sonra, onun özünü necə apardığı barədə bircə kəlmə də yazılmayıb. Elə bil, heç müttəhim orada olmayıb. Şükriyyə illərlə qəlbini ağrıdan son sualına cavab tapmaq üçün söz istədi:
- "İstintaq işi"ndə həyat yoldaşımın məhkəməsindən sonra - oktyabrın 12-dən 13-nə keçən gecə öldürüldüyü yazılıb. Amma biz məlumat almışıq ki, Cavad bir gün qabaq - oktyabrın 11-də istintaq zamanı döyülərək qətlə yetirilib. Mən 1937-ci ilin 14 oktyabrında həbs olundum. Bayıl həbsxanasında vaxtilə evimizin qulluqçusu olan Mariya Sergeyevnanı gördüm. Dustaqlara yemək veriləndə o mənə dedi ki, ərini Bayıl həbsxanasının səyyar xəstəxanasına başı tənziflə sarınmış halda, 40 dərəcə qızdırma içində gətirdilər. Cavadla görüş istədim, ancaq razılıq ala bilmədim. Cavadın qatilləri məlumdur. Mən bilmək istəyirəm, o nə vaxt qətlə yetirilib?
Şükriyyənin sualı cavabsız qaldı. Məhkəmə hökm çıxardı: "İşində cinayət tərkibi olmadığı üçün Əhməd Cavada bəraət verilir". Bununla da həmin gün - 1955-ci ilin 19 avqustunda şair bəraət aldı.
   Şükriyyə yaşdolu gözləriylə Cavadı axtardı. Getmişdi. Heç zaman ürəkdən qəbul etmədiyi Sovet hökumətinin gülünc bəraətini eşitmək istəməmişdi, deyəsən. Şükriyyə oğlunun qoluna girdi. Bir-birindən "Hara gedək?" - deyə soruşmadılar. Nargin adasına - Cavadın son mənzilini ziyarət etməyə yollandılar...




Z.Fərəcova

 

mənbə:eldergisi.ws

Bölmə: Şəxsiyyətlər | Baxılıb: 1882 | Müəllif: vatanbaku | Teqlər: cavad, qirmizi, əhməd, siyahi | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Avqust 2009  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz