Bazar, 2024-12-22, 20:01
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2009 » Avqust » 23 » Əli bəy Hüseynzadə
Bookmark and Share
Əli bəy Hüseynzadə
11:47

 eli bey huseyzade

Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda dünyaya göz açanda Azərbaycanda ictimai-mədəni düşüncə epiqonçu ənənələr əsasında davam edirdi. Ölkədə çarizmin monarxist idarə üsulu hökm sürür, kəndlərdə təhkimçilik hüququ öz təsirini göstərir, ümumxalq təfəkküründə "zillüllah" (padşahı Allahın kölgəsi saymaq) fəsfəsəsi mövcud idi. Ə.Hüseynzadə Tiflisə, babası Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin yanına gedib orada gimnaziya tələbəsi olanda da (1875-1885) ictimai-mədəni şüurun səviyyəsi təxminən belə idi. Doğrudur, Cəlil Məmmədquluzadənin yazdığı kimi, "az-az ayılanlar" var idisə, yenə də "xabi-qəflət qaranlığında Allahu Əkbər" sədasından başqa bir şey eşidilmirdi.

Belə bir vaxtda Tiflisdə Şərqin maarifçi-materialist filosofu, dünyəvi elmlərə böyük rəğbət bəsləyən mütəfəkkir M.F.Axundovla babasının məclislərində tanış olan Ə.Hüseynzadə təbiət elmlərinə qədərsiz maraq göstərməyə başladı. Bu həvəs onu 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsinə gətirdi. Burada dövrün məşhur elm xadimləri - Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir və bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır...


Ə.Hüseynzadə İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində oxumaqla dermatoloq (dəri-zöhrəvi xəstəliklər) ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, "Qırmızı ay" heyətinin tərkibində İtaliyaya gedir, üç il sonra geri qayıdır və müsabiqə yolu ilə İstanbul darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi işləyir. O, burada da təqib olunur, çünki darülfünun tələbəsi ikən artıq inqilabçı gənc türklər hərəkatına qoşulmuş, "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olmuşdu.

Ə.Hüseynzadə tələbəlikdən ayrılıb müstəqil həyata başlayanda artıq yetkin fikir adamı idi. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Ə.Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada maraqlıdır. Məsələn, o deyirdi:

- Həqiqətin də dadı və ləzzəti var.
- Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..
- Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...
- Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.
- Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...

Ə.Hüseynzadənin Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni onun söz və mətbuat azadlığı uğrunda mübarizə aparmasıdır. Ədəbi-tənqidi və publisistik məqalələri, şeirləri, bədii nəsri və siyasi-fəlsəfi pamfletində Ə.Hüseynzadə azadlığı-hürriyyəti obrazlı şəkildə təqdim edir, azad sözü "pəriyi-hürriyyət" (azadlıq mələyi) adlandırır və onu "Kuhi-Qaf və Simurq quşu" məqaləsində Qaf dağlarına zəncirlə bağlanmış məşhur Prometeyə bənzədirdi. Azad sözün cəmiyyətdə varlığını Prometeyin odu, işığı ilə müqayisə edən Ə.Hüseynzadə 1905-1907-ci illərdə Azərbaycanda mətbuat və fikir azadlığının cəfakeşlərindən biri, milli ziyalılıq simvolu idi. Elə buna görədir ki, o, müasirlərinə hər bir insanın "baş tacı olan" azadlığın mahiyyətini anladır və deyirdi: "Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin və nə də bir fərdin etiqad və əfkarindən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə, hər kəs etiqad və əfkarını aşkar surətdə söyləyib yazmaqda muxtardır" (Mövlude-nəbi "Füyuzat" jurnalı, 1907-ci il, ¹25). XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.

"Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. "Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub, lüğəti mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyziyab olmaq deməkdir. Jurnalın səhifələrində onun Baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur. "Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" - azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu. Azərbaycan Xaq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

"Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı. Çar Rusiyasının monarxizmi və müstəmləkəçilik əleyhinə mübarizə aparan "Füyuzat"çılar rus inqilabçı-demokratları, türk tənzimatçıları, İran məşrutəçiləri və başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə edir, Azərbaycanda demokratizmin qələbəsinə çalışır, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə islahatların-reformaların aparılmasını məqsəd bilirdi. Bu mənada "Füyuzat" və füyuzatçıların məşğul olduğu əsas problemləri qısa şəkildə belə təsnif etmək olar: türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək), azərbaycançılıq; demokratik axtarışlar; neoromantik ədəbiyyatın yaradılması; füyuzatçı jurnalistika məktəbinin təsisi; dildə, fikirdə, işdə birlik konsepsiyasına əsaslanan ortaq türk dili, ədəbiyyatı və mədəniyyətinin yaradılması. "İttihad və tərəqqi" ideyasını yürütmək və Turançılığı təbliğ etmək, ictimai-siyasi şüurda reformaların aparılması, parlament və konstitusiya əsasında özünüidarə formasının yaradılması, yenilikçilik hərəkatını gücləndirmək, söz və mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət və bütöv vətən ideyasına paralel şəkildə inkişaf etdirmək və s.

"Füyuzat" və füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri sırasında qeyd etmək vacibdir ki, onlar ənənəvi epiqon-birtipli düşüncə tipindən imtina edir, yalnız "köhnə müsəlman" (M.Ə.Sabir) olaraq qalmır, Şərq və Qərb elmi-nəzəri fikri, ədəbiyyat və mədəniyyətləri arasında sərhədlər çəkmir, əksinə, onların dialoquna meydan açırdılar. Bu və digər səbəblərdəndir ki. Ə.Hüseynzadənin irsi və onun formalaşdırdığı füyuzatçılıq hərəkatının tarixi təcrübəsi indiki dünyaya inteqrasiya zamanında mühüm aktuallıq kəsb edir.

***

Nəslin ilk bilinən nümayəndəsi şeyxülislam Axund Əhməddən qabaq 39 il Qafqaz şeyxülislamı olmuş Məhəmmədəli Səlyanidir (1791-1852). Məhəmmədəlinin qardaşı Əlidən Axund Əhməd Səlyani (1812-1884) dünyaya gəlib.

Əli bəyin nənəsi Hüsniyyə şeyxülislam Axund Məhəmmədəlinin iki qızından biridir. Digər qızı isə Nisə xanımdır və Əli bəyin çəkdiyi "Azərbaycanlı ailəsi" tablosunda təsvir olunan yaşlı qadın həmin bu Nisədir. Şeyxülislam Axund Əhməd isə Hüsniyyənin həyat yoldaşıdır. Axund Əhmədlə Hüsniyyənin isə iki qızı vardı: Xədicə, fatma. Xədicə xanım Qruzma bəylərindən Kazım bəy Hüseynzadənin dörd oğlundan ən kiçiyi olan Molla Hüseyn Hüseynzadə ilə ailə qurmuşdu. Kazım Hüseynzadənin Axund Əhmədlə ya qardaş, yaxud da əmioğlu olduqları ehtimal edilir.

Əli bəy Hüseynzadə özünün yazdığına görə "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası "Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə" anası "Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır".

Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının — Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı.

1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişdi. "feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə.Hüseynzadə). İstanbulda məşhur olan feyza Sənət Qaleriyasını açdı. fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. "Qızım Saida Lyondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir" (Ə.Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur.
Bölmə: Şəxsiyyətlər | Baxılıb: 1767 | Müəllif: vatanbaku | Teqlər: əli, hüseynzadə, bəy, TURAN | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Axtar
Kalendar
«  Avqust 2009  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz